Son günlər yağan intensiv yağışlardan sonra evləri su basdı. Həmin evlərin divarındakı rütubət və nəm insanların sağlamlığı üçün müəyyən risklər formalaşdırır.
Bakıvaxtı.az xəbər verir ki, Terapevt Günay Lətifova Milli.Az-a açıqlamasında bildirib ki, bu vəziyyəti iki mərhələdə qiymətləndirmək lazımdır.
Onun sözlərinə görə, birinci mərhələdə uzun müddət rütubətli mühitdə yaşayan insanlar yer alır:
"Xüsusilə subtropik zonalarda yaşayan şəxslər davamlı şəkildə nəmişliyə məruz qalırlar. Bu isə onların böyük bir hissəsində artıq mövcud olan xroniki xəstəliklərin yaranmasına və ya ağırlaşmasına səbəb olur. Tənəffüs yolları, bronxlar və ağciyərlərlə bağlı problemlər daha çox müşahidə edilir".
İkinci mərhələ isə qısa müddətdə yaranan rütubətlə bağlıdır. Terapevt qeyd edib ki, yağışlardan sonra əmələ gələn nəmişlik vaxtında aradan qaldırılmazsa, sağlamlıq üçün ciddi fəsadlar yarada bilər:
"Əgər bu vəziyyət operativ şəkildə aradan qaldırılarsa, əsasən soyuqdəymə halları ilə kifayətlənə bilər. Lakin nəmişlik uzun müddət qalarsa, kəskin xəstəliklərin xroniki formaya keçməsi qaçılmaz olur".
G.Lətifova əlavə edib ki, rütubətli mühit ən çox tənəffüs yollarına və böyrəklərə mənfi təsir göstərir:
"Bronxlar və ağciyərlər bu şəraitdə daha çox zərər görür. Eyni zamanda, böyrəklər də risk altına düşə bilər. Su basan evlərdə, ümumilikdə nəmişlik olan evlərdə bakteriyalar inkişaf edir və birbaşa olaraq ağciyərə, bronxlara mənfi təsir edir".
Terapevt profilaktik tədbirlərin vacibliyini də diqqətə çatdırıb. Onun sözlərinə görə, ev seçərkən və ya kirayə mənzilə köçərkən rütubət amili mütləq nəzərə alınmalıdır:
"Bəzi hallarda insan evin daxilində nəmişliyi hiss etməsə də, bu, orqanizmə təsir edir. Hətta qış aylarında ev daxilində paltarların qurudulması da əlavə rütubət yaradır və bu, sağlamlıq üçün arzuolunmazdır".
Subasmış evlərlə bağlı vəziyyətə də toxunan terapevt bildirib ki, belə hallarda əsas məsələ insanların özlərini qorumasıdır:
"Bu cür şəraitdə yaşayanlara tövsiyəm odur ki, mümkün qədər quru mühitdə qalsınlar. Əks halda, mövcud kəskin xəstəliklər xroniki formaya keçə bilər".
Sonda həkim kəskin və xroniki xəstəliklər arasındakı fərqi də izah edib:
"Kəskin xəstəlik hazırda mövcud olan, ani yaranan vəziyyətdir. Xroniki xəstəlik isə uzun müddət davam edən və artıq orqanizmdə qalıcı hala keçmiş problemlərdir".
Bakı 




