Bu il martın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 2,83 bənd təşkil edib. Bu isə ötən il martın 1-nə nisbətən 0,4 bənd azdır.
Bu barədə Azərbaycan Mərkəzi Bankının məlumatında bildirilir.
Manatın dövretmə sürətinin azalması milli valyutamızın dəyərinə necə təsir edə bilər? Dövretmə sürətinin azalmasının hansı mənfi təsirləri var?
Mövzu ilə bağlı Bakıvaxtı.az-la fikirlərini bölüşən iqtisadçı Xalid Kərimli bildirib ki, manatın sabitliyi tədiyyə balansındakı vəziyyətdən asılıdır. Onun spzlərinə görə, tədiyyə balansı dövr ərzində ölkəyə gələn valyuta ilə ölkədən çıxan valyuta arasındakı fərqdir. Bunun üçün cari əməliyyatlar balansının qalığı lazımdır:
"Cari əməliyyatlar balansında dövr üzrə məhsul və xidmətlərin idxal və ixracı arasındakı balansdan söhbət gedir. Ola bilər ki, hansısa rübdə neqativ hal olsun. Lakin hökumət planları uzunmüddətli dövr üçün nəzərdə tutur. Hazırda tədiyyə balansındakı əsas vəziyyət neft və qazdan çox asılıdır. Biz uzun müddət qeyri-neft sektorunun inkişafından danışsaq da, hələlik əldə olunan nəticələr ölkənin vəziyyətini qurtaracaq halda deyil. İndiki məqamda neft və qaz gəlirlərinin səviyyəsi ölkədəki maliyyə sabitliyinin əsasını təşkil edir".

Xalid Kərimli: Manatın dövretmə sürətinin azalmasının əsas səbəbi insanların yığıma meylli olmasıdır
X.Kərimli hesab edir ki, mövcud olan ehtiyatlar sistemli şəkildə fondun funksiyaları nəzərə alınaraq istifadə olunur. Yəni, vəziyyət pisləşərsə, fondun bütün ehtiyatlarından istifadə olunmur.
Müsahibimiz qeyd edib ki, manatın dövretmə sürətinin azalmasının əsas səbəbi insanların yığıma meylli olmasıdır. Burada Mərkəzi Bankın apardığı siyasətin də rolu var. Depozit faizləri yüksək olduğu üçün insanlar əllərindəki vəsaiti depozitdə yığmağa üstünlük veriblər.
“Digər tərəfdən, iqtisadi aktivlik aşağı düşüb və iqtisadi artım ləngiyib. Dövretmə sürətinin azalmasının mənfi tərəfi iqtisadi aktivliyin və biznes dövriyyəsinin zəifləməsi, likvidliyin iqtisadiyyata zəif ötürülməsidir. Müsbət tərəfi isə inflyasiya təzyiqinin qismən aşağı düşməsidir", - Xalid Kərimli əlavə edib.
Gülşən Şərif
Bakı 




