"İran birbaşa rejim dəyişikliyi təhlükəsi olmadıqca total müharibə riskini gözə alan deyil".
Bu sözləri Bakıvaxtı.az-a İran-İsrail və ABŞ arasında davam edən qarşıdurmanın region üçün mövcud təhlükələrini şərh edən politoloq Çingiz Şahbazi deyib.
Onun sözlərinə görə, ABŞ-İsrail və İran arasında davam edən müharibə dünyanın, xüsusilə də regionun ən vacib məsələsi olaraq qalmaqdadır:
"Müharibənin indiki durumu hələlik idarəolunan eskalasiya xarakteri daşıyır və paralel olaraq danışıqlar prosesi aparılır. Bu da onu göstərir ki, yaxın gələcəkdə genişmiqyaslı müharibə riskinin qaçılmaz olacağını demək hələ tezdir. Yəni, tərəflər qarşılıqlı olaraq bir-birinə zərbələr vurur, amma tammiqyaslı müharibədən çəkinirlər. Bu da onu göstərir ki, gərginlik davam edəcək, dalğalı şəkildə artıb azalacaq. Əlbəttə ki, lokal toqquşmalar və sarsıdıcı zərbələr istisna deyil. Amma bunlara rəğmən yaxın dövrdə tammiqyaslı müharibə riski ehtimalı hələ aşağıdır".
Politoloq qeyd edib ki, əslində bu tip qarşıdurmaların ən təhlükəli tərəfi böyük müharibəyə səbəb olaraq çox vaxt planlı yox, səhv hesablamalar nəticəsində baş verir. Hazırda hər iki tərəfin məqsədi və strategiyası daha çox aydın görünür.
"İran daha çox rejimi qorumaq və çəkindirmə gücünü saxlamaq üçün çalışır. İsrail özünün təhlükəsizlik baxımından, İranın hərbi və potensial nüvə silahını zəiflətmək üçün əlindən gələni edir. ABŞ isə regionda gərginliyin daha da genişlənməsinin qarşısını almaq istədiyini və paralel olaraq özünün də "batağlığa" düşməməsi üçün çalışdığını deyir”.

Çingiz Şahbazi: Tərəflər bir-birinə zərbələr vurur, amma tammiqyaslı müharibədən çəkinirlər
Müsahibimizə görə, bütün bunlar heç birinin total müharibə arzusunda olmadığının göstəricisidir. Dediyinə görə, tərəflər daha sərt bəyanatlar səsləndirirlər, amma de-fakto qırmızı xətti keçmək niyyətində olmadıqlarını da qeyd etmək lazımdır:
“İran birbaşa rejim dəyişikliyi təhlükəsi olmadıqca total müharibə riskini gözə alan deyil. ABŞ bəyan etsə də, böyük quru əməliyyatları müharibəsinə girməyə ehtiyat edir. Bu Yaxın Şərqdə "intihar" dərəcəsi ilə müqayisə oluna bilər".
Ç.Şahbazinin fikrincə, İsrail hökuməti də əvvəlki kimi ümidlə məsələlər ətrafında fikir bildirməkdən çəkinir. İranın Hörmüz boğazında yaratdığı blokada şəraiti də tədricən aradan qalxır və bütün bunlar genişmiqyaslı hərbi toqquşmalara səbəb olan amilləri zəiflədir:
"Qarşıdakı dövrdə hansısa bir hadisə baş verərsə, total müharibə riski ehtimalı belə bir vəziyyətdə yüksəlir. Hesab edirəm ki, İranın nüvə obyektlərinə kütləvi zərbələr, Hörmüz boğazının tam olaraq bağlanması, ABŞ hərbiçilərinin kütləvi şəkildə hədəf alınması və İsraildə böyük insan itkisinə səbəb olan hücumlar nəticəsində İran daxilində rejimi sarsıdan hadisələr baş verərsə, artıq məhdud qarşıdurma öz yerini regional müharibəyə verə bilər".
Gülşən Şərif
Bakı 




