Böyük Britaniyanın kino sənayesi üzrə aparıcı beynəlxalq nəşrlərindən biri olan Screen International jurnalının may buraxılışının üz qabığı Azərbaycana həsr edilib.
Bakıvaxtı.az xəbər verir ki, nəşrdə Azərbaycanın kino istehsalı sahəsində həyata keçirilən islahatlar və xüsusilə tətbiq olunan geri ödəniş (cash rebate) mexanizmi barədə geniş məlumat verilib. Bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 iyul 2025-ci il tarixli qərarına əsasən, ölkə ərazisində film istehsalı üçün mal, iş və xidmətlərin alınmasına çəkilən xərclərin 25 faizi istehsalçılara geri qaytarılır. Bundan əlavə, mədəni irsin və mədəniyyətin təbliği ilə bağlı müəyyən meyarlardan ən azı üçünə cavab verildiyi halda əlavə 15 faiz geri ödəniş tətbiq olunur. Beləliklə, istehsalçı şirkətlər ümumilikdə xərclərinin 40 faizədək hissəsini geri ala bilirlər.
Jurnal bu mexanizmin Azərbaycana xarici film istehsalçıları üçün cəlbedici məkan statusu qazandıracağını vurğulayır.
May buraxılışı həm də 79-cu Cannes Film Festivalı-na həsr olunub. Hazırda Azərbaycan festivalda milli stendlə təmsil olunur.
Qeyd edək ki, əsası 1889-cu ildə qoyulan “Screen International” 1975-ci ildən indiki adı ilə nəşr edilir və kino sənayesi üzrə nüfuzlu beynəlxalq media orqanlarından biri hesab olunur.
Bakı 




