Yunanıstanın keçmiş iqtisadi böhranı ilə bağlı illər sonra diqqətçəkən detal ortaya çıxıb.
Bakıvaxtı.az-ın xəbərinə görə, Avropa Komissiyasının sabiq rəhbəri və Eurogroup-un keçmiş prezidenti Jean-Claude Juncker açıqlayıb ki, böhran dövründə bəzi maliyyə nazirləri Yunanıstanın borclarını ödəməsi üçün Akropolun satışa çıxarılmasını təklif ediblər.
Juncker bildirib ki, Eurogroup toplantılarından birində səsləndirilən bu təklif onu belə şoka salıb. O, həmin an təklif irəli sürən şəxslərə sadəcə “Susun” dediyini açıqlayıb. Sabiq rəsmi, bu fikri səsləndirən şəxsin qadın maliyyə naziri olduğunu desə də, adını açıqlamayıb.
Məlumata görə, söhbət 2008-ci ildən sonra Yunanıstanın yaşadığı ağır iqtisadi böhran dövründən gedir. Həmin vaxt ölkə böyük borc yükü altında idi və Avropa İttifaqı ilə Beynəlxalq Valyuta Fondundan milyardlarla avro yardım alırdı.
Juncker qeyd edib ki, Yunanıstanın büdcə göstəricilərini illərlə olduğundan fərqli təqdim etməsi Avropada ölkəyə olan etimadı ciddi şəkildə sarsıdıb. Onun sözlərinə görə, məhz bu etimadsızlıq səbəbindən bəzi siyasətçilər həddindən artıq sərt və təhqiredici təkliflər səsləndirməyə başlayıblar.
Akropol Yunanıstanın ən məşhur tarixi abidələrindən biri hesab olunur və qədim yunan mədəniyyətinin simvoludur. Tarixi min illərlə ölçülən bu abidə UNESCO Dünya İrsi siyahısına daxildir.
Bakı 




