q
  • Bakı 20° C

    1.82 m/s

  • USD - 1.7

    EUR - 1.9986

    RUB - 2.3056

İrəvan-Moskva münasibətlərində çatlar: Ermənistan “boşanmaq” istəmir, amma...

SİYASƏT

13 May 2026 | 13:39

İrəvan-Moskva münasibətlərində çatlar: Ermənistan “boşanmaq” istəmir, amma...

“Ermənistan rəsmiləri, o cümlədən, parlament sədri Alen Simonyan bir neçə dəfə bəyan edib ki, Rusiya ilə ailə, yəni “ər-arvad” olmadıqlarına görə, indi “boşanmaq” haqqında düşünmürlər”.

Bunu politoloq Fikrət Sadıqov Rusiya-Ermənistan arasındakı gərginliyi Bakıvaxtı.az-a şərh edərkən deyib.

Onun sözlərinə görə, bundan əvvəl Rusiya rəsmiləri Ermənistanın fərqli seçim edəcəyi təqdirdə “boşanacaqlarını” bildirmişdi:

“Ermənistan rəhbərliyi açıq bəyan edir ki, onlar Avrasiya İqtisadi Birliyindən çıxmaq fikrində deyil, amma bununla bərabər, çoxvektorlu siyasət aparmaq niyyətindədirlər. Nikol Paşinyan da AİB-dən çıxmaq fikrində olmadıqlarını, lakin indiki məqamda qurumun toplantısına qatılmağa ehtiyac duymadığını vurğulayıb. Çünki ölkədə siyasi qüvvələr iyunun 7-də keçiriləcək parlament seçkisinə hazırlaşır. Paşinyan da bunu əsas gətirərək Moskvaya getməyə vaxtının olmadığını bildirib”.

Fikrət Sadıqov: İrəvan AİB-dən çıxmaq fikrində deyil, bununla belə qurumun toplantısına qatılmağa ehtiyac duymur

F.Sadıqov əlavə edib ki, İrəvan AİB ilə paralel Avropa İttifaqı ilə də əməkdaşlıq etmək niyyətindədir:

“Ermənistan Aİ ilə əlaqələri sıxlaşdırmaq istəyir və bilir ki, bunun üçün zaman lazımdır. Təbii ki, bunu birmənalı bəyan edə bilmir. Ona görə də Ermənistan tərəfindən indiyədək bir çox ziddiyyətli bəyanatlar verilir”.

Müsahibimiz ötən gün Ermənistan XİN başçısı Ararat Mirzoyanın rusiyalı həmkarı Sergey Lavrovla danışıq aparmaq, nəyisə müzakirə etmək niyyətində olmadığını dediyini xatırladıb:

“Bilirsiz ki, Rusiya öz ölkəsindəki erməni səfiri XİN-ə dəvət edərək ona Ukrayna Prezidenti Volodimir Zelenskinin İrəvanda səsləndirdiyi bəyanatlarla bağlı etirazını bildirmişdi. Amma İrəvan buna rəsmi reaksiya vermədi”.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqının 28-29 may tarixlərində keçiriləcək sammitində iştirak etməyəcək. Bu barədə Paşinyan özü bildirib.  O, artıq bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi məlumatlandırdığını deyib.

Onu da bildirək ki, Rusiya Prezidenti Vladimir Putin Faşizm üzərində Qələbə günü münasibətilə keçirilən tədbirdən sonra mətbuat konfransında demişdi ki, Ermənistanın mümkün Avropa İttifaqı üzvlüyü məsələsinin Aİİ-nin növbəti sammitlərindən birində müzakirə oluna biləcəyini istisna etməyib. Rusiya prezidenti həmçinin Ermənistanın Avropa inteqrasiyası məsələsi üzrə referendum keçirə biləcəyini bildirib. Onun sözlərinə görə, əgər erməni xalqı Aİ-yə üzvlüyü dəstəkləsə, Moskva “sivil ayrılıq” variantını nəzərdən keçirə bilər.

Bundan əlavə, 7 mayda Rusiya Ukrayna Prezidenti Volodimir Zelenskinin İrəvanda verdiyi açıqlamalara cavab olaraq Ermənistana etiraz notası göndərib. Rusiya Xarici İşlər Nazirliyi Ermənistanın Rusiyadakı səfiri Qurgen Arsenyanı Moskvanın Zelenskiyə “terror təhdidləri” üçün platforma təqdim etməsinin qəbuledilməz olduğu mövqeyi ilə tanış edib. Rusiya tərəfi həmçinin vurğulayıb ki, Ermənistan hakimiyyəti Zelenskinin İrəvanda Rusiyaya qarşı verdiyi açıqlamalara lazımi mənfi qiymət verməyib və bu, Moskvanın fikrincə, Ermənistan-Rusiya tərəfdaşlığının mahiyyətinə ziddir.

Aydın Baxış


SON XƏBƏRLƏR

12 May 2026