q
  • Bakı 24° C

    2.41 m/s

  • USD - 1.7

    EUR - 1.9986

    RUB - 2.3056

Lənkəranda ilk çay yığımına başlanılıb

CƏMİYYƏT

13 May 2026 | 10:51

Lənkəranda ilk çay yığımına başlanılıb

Lənkəran Regional Elmi Mərkəzinin Təcrübə Bazası uzun illərdir müxtəlif çay sortlarının yetişdirilməsi və yeni becərmə texnologiyalarının sınaqdan keçirilməsi üzrə ixtisaslaşmış mühüm mərkəzlərdən biridir. Təcrübə sahəsində elmi əsaslarla əldə olunan müsbət nəticələr, həmçinin yüksək məhsuldarlığı ilə seçilən yeni çay sortları fermerlərə tövsiyə olunur.

Hazırda təcrübə bazasının çay sahələrində ilk yığım mövsümünə başlanılıb. Bir neçə çay növü üzərində aparılan sınaqlar artıq yekunlaşıb və ən məhsuldar sortlar müəyyən edilib.

Bakıvaxtı.az AzərTac-a istinadla xəbər verir ki, hazırda bölgənin bir çox çay plantasiyasında olduğu kimi, Lənkəran Regional Elmi Mərkəzinin təcrübə bazasında da ilk çay yığımına başlanılıb. Yığım zamanı əsasən çay kollarının təzə və keyfiyyətli ilk yarpaqları toplanır. Aparılan müşahidələr nəticəsində isə sortlar arasında daha məhsuldar hesab olunan çay növü də müəyyən edilib.

Lənkəran Regional Elmi Mərkəzinin elmi işçisi Samirə Nağıyeva bildirir ki, ilk yığım prosesində əsasən “iki yarpaq, bir tumurcuq” prinsipi ilə çay yarpaqları toplanır. Onun sözlərinə görə, ərazidə sort sınağı məqsədilə təqdim olunmuş beş çay növü becərilir. Bunlar əsasən “Azərbaycan-2”, “Çəhrayı”, “Lənkəran” və “Xəzər” sortlarıdır.

S.Nağıyeva qeyd edir ki, Lənkəran bölgəsində ən geniş yayılmış çay sortlarından biri “Azərbaycan-2” növüdür. Onun sözlərinə görə, bu sort yüksək məhsuldarlığı ilə seçildiyi üçün fermerlər tərəfindən daha geniş şəkildə becərilir.

Təcrübə bazasında yalnız müxtəlif çay sortları deyil, eyni zamanda, fərqli becərmə üsulları da sınaqdan keçirilir. Son illər sıxlaşdırılmış əkin metodu ən səmərəli üsullardan biri kimi ön plana çıxıb.

Mütəxəssislərin sözlərinə görə, bu üsul məhsuldarlığın artmasına və əlavə xərclərin azalmasına şərait yaradır. Belə ki, budanmış çay yarpaqları kolun dibinə tökülərək təbii üzvi gübrə funksiyasını yerinə yetirir və bitkinin inkişafına müsbət təsir göstərir.

Lənkəran Regional Elmi Mərkəzinin böyük elmi işçisi Çinarə Rzyeva bildirir ki, bu əkin üsulu digər aqronomik qaydalarla salınan plantasiyalardan fərqlənir. Onun sözlərinə görə, əsas məqsəd az sahədən daha çox məhsul əldə etməkdir. Bildirib ki, son illər bu üsulla salınmış ərazilərdə yüksək məhsuldarlıq müşahidə olunur: “Əsas üstünlüklərdən biri aqrotexniki qulluq işlərinə minimum ehtiyac duyulmasıdır Bitki özü-özünə münbit şərait formalaşdırır və bu da məhsuldarlığa müsbət təsir göstərir.”

Qeyd edək ki, may ayının ikinci ongünlüyündə bölgədə kütləvi çay yığımına başlanılması nəzərdə tutulur. Sahələrdən toplanan yaşıl çay yarpaqları daha sonra emal müəssisələrinə göndəriləcək.


SON XƏBƏRLƏR

12 May 2026