q
  • Bakı 22° C

    3.28 m/s

  • USD - 1.7

    EUR - 1.995

    RUB - 2.2836

Regional liderlik, Minsk qrupunun iflası, geosiyasi reallıq - Zəngilan səfəri

SİYASƏT

12 May 2026 | 15:33

Regional liderlik, Minsk qrupunun iflası, geosiyasi reallıq - Zəngilan səfəri

Prezident İlham Əliyevin Zəngilan səfəri təkcə regional xarakterli sosial-iqtisadi tədbir deyildi. Bu səfər postmüharibə dövrünün siyasi fəlsəfəsini və Azərbaycanın yeni geosiyasi mövqeyini nümayiş etdirən mühüm siyasi hadisə idi. Dövlət başçısının çıxışları göstərdi ki, Azərbaycan artıq regionda prosesləri izləyən deyil, onları müəyyən edən əsas aktora çevrilib. Xüsusilə ATƏT-in Minsk qrupu ilə bağlı səsləndirilən fikirlər beynəlxalq vasitəçilik institutlarının iflasını yenidən gündəmə gətirdi.

Otuz ilə yaxın fəaliyyət göstərən Minsk qrupu faktiki olaraq işğalın davam etməsinə xidmət etdi. ABŞ, Fransa və Rusiyanın həmsədr qismində çıxış etməsi münaqişənin həllinə yox, idarə olunmasına hesablanmışdı. Bu dövlətlərin hər biri BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Onların əsas vəzifəsi beynəlxalq hüququn tətbiqini təmin etmək idi. Lakin Azərbaycan torpaqları işğal altında olduğu dövrdə bu mexanizmlər işləmədi. BMT qətnamələri kağız üzərində qaldı. Bu isə beynəlxalq münasibətlər sistemində ikili standartların açıq təzahürü idi.

Prezident İlham Əliyev illərdir bu həqiqətləri açıq şəkildə dilə gətirirdi. Azərbaycan rəhbəri beynəlxalq güclərin selektiv yanaşmasını dəfələrlə sərt tənqid edib. Xüsusilə Fransa və ABŞ-ın ermənipərəst mövqeyi artıq gizli siyasət deyildi. Minsk qrupu reallıqdan uzaq və qeyri-effektiv mexanizmə çevrilmişdi. Həmsədrlər münaqişənin hərbi həlli olmadığını iddia edirdilər. Əslində isə onlar Azərbaycanın öz torpaqlarını azad etmək hüququnu qəbul etmək istəmirdilər.

Bu yanaşma işğalçı ilə işğala məruz qalan tərəfi eyniləşdirmək cəhdi idi. Hətta müəyyən dövrlərdə “Şimali Qarabağ” kimi absurd anlayışların ortaya atılması da bunun göstəricisi idi. Bu terminologiya Azərbaycanın ərazi bütövlüyünü şübhə altına almağa hesablanmışdı. İşğal dövründə şəhərlər dağıdılırdı. Kəndlər yerlə-yeksan edilirdi. Məscidlər təhqir olunurdu. Qəbiristanlıqlar vandalizmə məruz qalırdı. Təbii sərvətlər talan edilirdi. Qanunsuz məskunlaşma siyasəti həyata keçirilirdi. Lakin Minsk qrupu bunların heç birinə ciddi reaksiya vermirdi.

Bu isə vasitəçilik institutunun qərəzli mahiyyətini üzə çıxarırdı. Prezident İlham Əliyevin siyasi qətiyyəti nəticəsində Azərbaycan 2020-ci ildə problemi özü həll etdi. Azərbaycan ordusu cəmi 44 gün ərzində yeni reallıq yaratdı. Bununla da BMT qətnamələrinin icrası təmin olundu. Minsk qrupu isə siyasi tarixdə diplomatik fiasko kimi qaldı. Prezidentin “biz sizi dəvət etməmişik” mesajı artıq yeni geosiyasi vəziyyətin açıq ifadəsi idi. Azərbaycan göstərdi ki, beynəlxalq hüquq işləməyəndə dövlət öz hüququnu özü təmin edir.

Bu yanaşma regionda qüvvələr balansını dəyişdi. Ermənistanın siyasi davranışları da Prezidentin çıxışında xüsusi yer aldı. Dövlət başçısı Ermənistanın müstəqil siyasət yürütmək qabiliyyətinin olmadığını açıq şəkildə ifadə etdi. Tarixi baxımdan Ermənistan daim hansısa xarici gücün təsiri altında fəaliyyət göstərib. Bir dövrdə bu güc Rusiya idi. Hazırda isə Fransa açıq şəkildə bu rolu oynamağa çalışır.

Parisin Cənubi Qafqaz siyasəti neoimperialist maraqlara söykənir. Fransa Ermənistandan regional təsir aləti kimi istifadə etməyə çalışır. Emmanuel Makronun anti-Azərbaycan siyasəti də bunun tərkib hissəsidir. Makron daxildə ciddi siyasi böhran yaşayır. Onun reytinqi Fransada sürətlə aşağı düşür. Sosial narazılıq və siyasi parçalanma Makron hakimiyyətini zəiflədir. Belə bir şəraitdə Ermənistan mövzusu Fransa rəhbərliyi üçün daxili auditoriyaya hesablanmış siyasi alətə çevrilib.

Prezident İlham Əliyevin Makronla bağlı mesajları da məhz bu reallığı əks etdirirdi. Dövlət başçısı göstərdi ki, bəzi Qərb liderləri regionda saxta qəhrəman obrazı yaratmağa çalışırlar. Halbuki 2020-ci ildə həmin dairələr Ermənistana real dəstək verə bilmədilər. Çünki Azərbaycan ordusunun qarşısında heç bir xarici təzyiq nəticə vermədi. Makronun Türkiyə üzərindən Ermənistana səfər planının baş tutmaması da regional siyasi iradənin göstəricisi idi.

Azərbaycan və Türkiyə artıq regionun əsas siyasi arxitekturasını müəyyən edir. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan regional gündəliyi formalaşdıran liderlərə çevriliblər. Bu tandem Cənubi Qafqazda yeni güc balansı yaradıb. Ermənistan isə hələ də xarici himayədar axtarışındadır. Bu da onun siyasi zəifliyinin əsas göstəricilərindən biridir.

Sülh prosesi ilə bağlı mesajlar da xüsusi diqqət çəkdi. Azərbaycan bölgədə sülhün əsas təşəbbüskarı kimi çıxış edir. Rəsmi Bakı sülh müqaviləsinin imzalanması üçün konkret təkliflər irəli sürüb. Ermənistan isə müxtəlif beynəlxalq platformalarda vaxt uzatmağa çalışır. Konfranslar və seminarlar real siyasi nəticə yaratmır.

Aİ missiyasının Ermənistanda fəaliyyət göstərməsi də ciddi suallar doğurur. Əgər bölgədə sülh prosesi gedirsə, xarici müşahidə missiyasına nə ehtiyac var sualı aktuallaşır. Bu missiyanın əsas dəstəkçisi Fransadır. Ona görə də missiyanın fəaliyyəti obyektivlikdən çox siyasi maraqlara xidmət edir. Azərbaycan bunu regionda yeni təsir mexanizmi kimi qiymətləndirir.

Prezident İlham Əliyev revanşist qüvvələrə də açıq xəbərdarlıq etdi. Dövlət başçısı bildirdi ki, Azərbaycana qarşı hər hansı yeni təhdid cavabsız qalmayacaq. Bu mesaj həm Ermənistana, həm də onun xarici himayədarlarına ünvanlanmışdı. 2020-ci il müharibəsi təkcə hərbi qələbə deyildi. Bu qələbə iki əsrlik siyasi ədalətsizliyin sona çatması idi.

Qarabağ problemi uzun illər regionda xarici müdaxilə alətinə çevrilmişdi. Azərbaycan həmin mexanizmi dağıtdı. Bu gün regionda yaranan yeni reallıqların müəllifi Azərbaycandır. Zəngilan və ümumilikdə Şərqi Zəngəzurda aparılan quruculuq işləri də bunun praktiki nəticəsidir.

İşğaldan azad olunmuş ərazilərdə böyük infrastruktur layihələri həyata keçirilir. Yeni yollar çəkilir. Hava limanları tikilir. Ağıllı kənd və ağıllı şəhər layihələri reallaşdırılır. İnsanların doğma torpaqlara qayıdışı təmin edilir. Bu proses postmüharibə dövrünün əsas strateji xəttidir.

Prezidentin sakinlərlə görüşləri və şəhid ailələri ilə dialoqları siyasi baxımdan da mühüm mesaj verir. Azərbaycan dövləti qələbəni yalnız hərbi nəticə kimi təqdim etmir. Bu qələbə sosial ədalətin və milli ləyaqətin bərpası kimi qiymətləndirilir.

İşğal dövründə törədilən urbisid və ekosid cinayətləri də daim gündəmdə saxlanılır. Dağıdılmış şəhərlər Ermənistanın vandal siyasətinin sübutudur. Mədəni irsin məhv edilməsi isə kultursid siyasətinin göstəricisidir. Azərbaycan bu məsələləri beynəlxalq hüquqi müstəviyə çıxarmağa çalışır. Çünki regionda baş verənlər təkcə hərbi işğal deyildi. Bu, həm də tarixi yaddaşın məhv edilməsinə yönəlmiş siyasət idi.

WUF13 kimi beynəlxalq tədbirlərin Bakıda keçirilməsi də yeni reallığın tərkib hissəsidir. Azərbaycan artıq regional müharibə ölkəsi deyil, beynəlxalq platformalara ev sahibliyi edən dövlət kimi çıxış edir. Bu tədbirlər ölkənin beynəlxalq nüfuzunu gücləndirir. Eyni zamanda Qarabağ və Şərqi Zəngəzurun bərpasını dünyaya nümayiş etdirir.

Dünyada baş verən geosiyasi qarşıdurmalar isə Azərbaycanın sabitlik modelini daha da aktuallaşdırır. İran-İsrail və ABŞ xəttində artan gərginlik qlobal iqtisadiyyata ciddi təsir göstərir. Hörmüz boğazı üzərində yaranan risklər enerji bazarlarını sarsıdır. Dünya neftinin böyük hissəsinin həmin marşrutdan keçməsi qiymət artımını qaçılmaz edir. Ərzaq bazarlarında da ciddi təzyiqlər müşahidə olunur.

Belə bir şəraitdə Azərbaycandakı sabitlik xüsusi əhəmiyyət qazanır. Azərbaycan regional təhlükəsizlik adasına çevrilib. Dövlətin balanslaşdırılmış xarici siyasəti riskləri minimuma endirir. Prezident İlham Əliyevin siyasi kursu ölkəni qlobal böhranlardan qoruyan əsas amillərdən biridir. Bu gün Azərbaycan həm hərbi, həm siyasi, həm də iqtisadi baxımdan regionun ən güclü dövlətidir. Zəngilan səfəri zamanı verilən mesajlar da məhz bu reallığın siyasi manifesti kimi qiymətləndirilir.

Əli Hüseynov,
Bakıvaxtı.az


SON XƏBƏRLƏR