"Post-münaqişə və işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri, ümumilikdə bu sahədə formalaşmış praktiki təcrübə beynəlxalq müstəvidə təqdim olunur".
Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Fariz İsmayılzadə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır” mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı deyib.
Deputat bildirib ki, Azərbaycan bu istiqamətdə dünyada ən böyük təcrübəyə malik ölkələrdən biri hesab oluna bilər. Belə ki, əraziləri tamamilə dağıdılmış, uzun illər işğal altında qalmış bölgələrdə on minlərlə insanın öz yurdlarına qaytarılması, genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi, şəhər və kəndlərin yenidən qurulması, yaşıllıq zonalarının salınması və sosial həyatın bərpası ölkənin əldə etdiyi mühüm nəticələrdir. Bu proseslərə hər il milyardlarla vəsait yönəldilir və məqsəd həmin ərazilərdə sabitlik, təhlükəsizlik və dayanıqlı inkişafı təmin etməkdir:
“Bu baxımdan Azərbaycan Prezidenti tərəfindən aparılan siyasət yalnız siyasi bəyanatlardan ibarət deyil, eyni zamanda real və praktik addımlarla müşayiət olunur. Sürgün edilmiş insanların öz torpaqlarına qayıdışı, yaşayış məhəllələrinin və kəndlərin yenidən qurulması, yeni iqtisadi və sosial imkanların yaradılması sülh prosesinin real nəticələridir”.
Regiondakı proseslərə toxunan deputat Ermənistanda yaxınlaşan parlament seçkilərinin mühüm mərhələ olduğunu bildirib. Onun fikrincə, bu seçkilər ölkənin gələcək siyasi istiqamətini müəyyən edə bilər: ya sülh tərəfdarları güclənəcək, ya da revanşist meyllər yenidən fəallaşacaq. Hazırda Ermənistanda müxtəlif siyasi qruplar arasında ciddi mübarizə gedir və bu, “yeni Ermənistan” konsepsiyası ətrafında formalaşır:
“Radikal müxalifət, diaspor qurumları, bəzi oliqarx dairələr və Ermənistan kilsəsi sülh prosesinə qarşı təsir göstərməyə çalışır. Xarici təsir cəhdləri və regionda nüfuz uğrunda rəqabət də bu prosesləri daha da mürəkkəbləşdirir”.
Deputat vurğulayıb ki, Cənubi Qafqaz hazırda həm nəqliyyat-logistika baxımından, həm də enerji və geosiyasi layihələr kontekstində strateji əhəmiyyətini artırır. Zəngəzur dəhlizi də daxil olmaqla yeni regional layihələr regionun gələcək inkişafında mühüm rol oynayır.
Fariz İsmayılzadə onu da bildirib ki, Azərbaycan bu proseslərdə etibarlı tərəfdaş kimi çıxış edir, sabitlik və əməkdaşlıq təşəbbüsləri ilə regionda mühüm rol oynayır. Ölkə milli maraqlara əsaslanan müstəqil xarici siyasət yürüdür və regional inkişaf layihələrinin fəal iştirakçısıdır.
Zeynəb Rzayeva
Bakı 




