Türkiyədə məşhurlaşan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə sosial mediada onu təhqir edən blogerə cavab verib.
Bakıvaxtı.az xəbər verir ki, türk seriallarını şərh edən “Adam Jones” adlı bloger Nəsrin Cavadzadənin “Daha 17” serialında canlandırdığı “Şebnem” obrazı haqqında təhqiramiz ifadələr işlədib. Bloger aktrisanın rus dilini bildiyini nəzərə almayıb.
Nəsrin Cavadzadə videonu izlədikdən sonra ona rus dilində videomüraciətlə cavab verib. Aktrisa blogerin fikirlərinə ironik münasibət göstərərək onu təhqir etməyəcəyini, bunun əvəzinə öz görünüşü, geyimi və aktyorluğu barədə danışmasının daha yaxşı olacağını bildirib:
“Mən səni “axmaq” adlandırmayacağam. Çünki bu, heç də etik deyil. Əvəzində sənə mənim barəmdə necə formada, gözəl, güclü olduğumu və necə yaxşı geyindiyimi barədə danışmağı tövsiyə edirəm. Bu, daha yaxşı olar. Diqqətinə görə təşəkkür edirəm ki, bu qədər bölümü oturub bizi izləmisən”.
Bundan sonra bloger sosial media hesabında Nəsrindən üzr istəyib.
O, paylaşımında aktrisanın rus dilini bildiyini bilmədiyini və bunun onun üçün gözlənilməz olduğunu yazıb:
“Bəzən həyat səni çox sürətli şəkildə yerinə qoya bilər. Özümə sənin canlandırdığın obraz haqqında çox pis danışmağa icazə verdim. Heç bir şəkildə rusca bildiyini düşünmədim. Bu, bəlkə də ən gözlənilməz kəşf idi. Amma ciddiyəm — məni bağışla. Şəxsən səni incitmək və ya bir aktrisa kimi sənə hörmətsizlik etmək istəməzdim. Sözlərim şəxsiyyətinə deyil, canlandırdığın obraza yönəlmişdi.
Əksinə, əgər obraz tamaşaçılarda bu qədər güclü hisslər yaradırsa, bu, sənin onu həqiqətən ustalıqla canlandırdığını göstərir.
Yəni rəsmi olaraq məğlubiyyətimi qəbul edirəm: obrazı bəyənməmiş ola bilərəm, amma bir aktrisa kimi sənə böyük hörmətlə yanaşıram”.
Bakı 



