“Prezident İlham Əliyev Naxçıvanda çox mühüm açıqlamalar səsləndirdi”.
Bunu Bakıvaxtı.az-a Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 11-də Naxçıvana səfəri çərçivəsində AzTV-yə müsahibəsindən danışan deputat Ceyhun Məmmədov deyib.
Deputat vurğulayıb ki, dövlətimizin başçısı Naxçıvanın ümumi inkişafına dair mühüm addımların atılması ilə bağlı vacib tapşırıqlarını verdi:
“Prezident İlham Əliyev alternativ enerji mənbələri, günəş enerjisi ilə bağlı öz fikirlərini bəyan etdi. Cənab Prezidentin toxunduğu vacib məsələlərdən biri də Ermənistandakı atom elektrik stansiyası ilə bağlı idi. Ermənistandakı bu AES bölgəmiz üçün çox ciddi təhlükə mənbəyidir”.

Ceyhun Məmmədov, deputat
Dövlətimizin başçısı həm Azərbaycan, həm də Türkiyənin bu məsələni dəfələrlə qaldırdığını, gündəmə daşıdığını xatırladıb. Müsahibimizin dediyinə görə, gözləntilər ondan ibarətdir ki, Ermənistan hökuməti də bu məsələyə dair öz mövqeyini ortaya qoysun və bu istiqamətdə addımlar atsın. Bu məsələdə Azərbaycan Ermənistana dəstək ola bilər:
“Yəni Azərbaycan öz enerjisini Ermənistana sata bilər. Hesab edirəm ki, Ermənistan bu fürsətdən istifadə etməlidir”.
Qeyd edək ki, Prezident İlham Əliyev Naxçıvanda AzTV-yə müsahibəsində bildirib ki, Ermənistanın əsas enerji mənbəyi atom elektrik stansiyasıdır və onun da idarəetməsi onların əlində deyil. Dövlətimizin başçısı qeyd edib ki, bu stansiya köhnəlib və bütün bölgə üçün təhlükə mənbəyidir:
“Dəfələrlə Azərbaycan və Türkiyə müxtəlif beynəlxalq platformalarda bu məsələ ilə bağlı öz narahatlıqlarını ifadə ediblər. O stansiyanın ömrünün uzadılması sonsuz proses ola bilməz, gec-tez bağlanmalıdır”.
Aydın Baxış
Bakı 



