“Uşaqlarla səyahət sadəcə gəzmək deyil, xoş təəssürat və emosiyalar yaratmaq deməkdir”.
Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyi K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun doktorantı, pediatr Regina Nemətova qurumun “Instagram” hesabında keçirilən canlı yayım zamanı deyib.
Pediatr bildirib ki, uşaqlarla səyahət zamanı xoş emosiyaların neqativ hallara çevrilməməsi üçün valideynlər əvvəlcədən bir sıra vacib məqamlara diqqət etməlidirlər.
Onun sözlərinə görə, ilk növbədə səyahət ediləcək ərazidə, şəhərdə və ya oteldə tibbi məntəqənin olub-olmaması əvvəlcədən müəyyənləşdirilməlidir. Çünki səfər zamanı uşağın səhhətində qəfil problem yarana və ya xroniki xəstəlik kəskinləşə bilər.
R.Nemətova qeyd edib ki, səyahətdən əvvəl uşağın pediatr müayinəsindən keçməsi də vacibdir. Həkimlə məsləhətləşərək səfər zamanı lazım ola biləcək dərmanlar, onların dozaları və ilkin tibbi yardım qaydaları müəyyənləşdirilməlidir.
Pediatr xüsusilə xroniki xəstəlikləri olan uşaqlarla səyahət zamanı diqqətli olmağı tövsiyə edib. Onun sözlərinə görə, iqlim, temperatur və rütubətin dəyişməsi bəzi xəstəliklərin kəskinləşməsinə səbəb ola bilər. Məsələn, atopik dermatiti olan uşaqlarda iqlim və rütubət dəyişiklikləri xəstəliyin əlamətlərini artıra bilər.
R.Nemətova valideynlərə səyahət öncəsi ilkin tibbi yardım çantası hazırlamağı da tövsiyə edib. O vurğulayıb ki, çantaya daxil edilən dərmanların istifadə qaydaları əvvəlcədən öyrənilməli və onların seçimi həkim məsləhəti əsasında aparılmalıdır.
Pediatrın sözlərinə görə, səfərin ilk günlərində uşağı həddindən artıq yükləmək də düzgün deyil:
“İlk bir-iki gün ərzində uşaqlarla mümkün qədər çox ekskursiyaya getməkdən, uzunmüddətli gəzintilərdən, dəniz və hovuz kənarında uzun müddət vaxt keçirməkdən çəkinmək lazımdır. Çünki ilk günlər adaptasiya dövrüdür. Uşağın orqanizmi yeni iqlimə, rütubətə və temperatur şəraitinə uyğunlaşmalıdır. Bu müddətdə qida və yuxu rejiminə maksimal şəkildə riayət etmək lazımdır. Daha sonra isə gəzintilərin və ekskursiyaların sayını tədricən artırmaq olar”.
Pediatr həmçinin səyahətin müddətinin uşağın yaşından asılı olduğunu bildirib. Onun sözlərinə görə, uşaq nə qədər kiçikdirsə, qısa müddətli səfərlər əvəzinə daha uzunmüddətli istirahət planlaşdırmaq məqsədəuyğundur. Xüsusilə körpə yaşlarında bir neçə gün ərzində gedib-qayıtmaq əvəzinə səfərin minimum 5-7 gün planlaşdırılması tövsiyə olunur.
Zeynəb Rzayeva
Bakı 



