Prezident İlham Əliyevin avqustun 11-də Naxçıvana səfəri təkcə muxtar respublikada həyata keçirilən ayrı-ayrı layihələrin təqdimatı kimi deyil, Naxçıvanın Azərbaycanın yeni geosiyasi və iqtisadi arxitekturasındakı yerinin müəyyənləşdirilməsi baxımından qiymətləndirilməlidir. Səfərin proqramının enerji, sənaye, nəqliyyat, sosial infrastruktur, şəhərsalma, mədəni irs və müdafiə sahələrini eyni vaxtda əhatə etməsi göstərir ki, Naxçıvanın inkişafına artıq kompleks yanaşılır.
Prezidentin səfər çərçivəsində Günəş Elektrik stansiyalarında görülən işlərlə tanış olması, Sənaye Parkının və yeni obyektlərin təməlini qoyması, dəmir yolu infrastrukturu və şəhərin 2044-cü ilədək Baş Planı ilə tanış olması bu yanaşmanın əsas istiqamətlərini ortaya qoydu.
Xüsusilə Naxçıvan Sənaye Parkının yaradılması Muxtar Respublikanın iqtisadi modelinin dəyişdirilməsi baxımından əhəmiyyətlidir. Uzun illər Naxçıvanın əsas problemlərindən biri coğrafi təcrid vəziyyətinin iqtisadi imkanları məhdudlaşdırması olub. Yeni regional reallıq isə Naxçıvanı qapalı iqtisadi məkan statusundan çıxararaq tranzit, istehsal və logistika mərkəzlərindən birinə çevirmək üçün imkan yaradır. Sənaye Parkının yaradılması yerli istehsalın genişləndirilməsi, yeni iş yerlərinin açılması, özəl investisiyaların cəlb edilməsi və ixracyönümlü müəssisələrin formalaşdırılması baxımından mühüm addımdır. Bu mənada məqsəd yalnız dövlət investisiyaları hesabına Naxçıvanın infrastrukturunu yeniləmək deyil, uzunmüddətli perspektivdə özəl sektorun və istehsalın daha böyük rol oynadığı dayanıqlı iqtisadi model yaratmaqdır.
Səfərin ən mühüm istiqamətlərindən biri nəqliyyat infrastrukturu ilə bağlı idi. Prezidentin dəmir yolu infrastrukturunda aparılan yenidənqurma işləri ilə tanış olması təsadüfi deyil. Cənubi Qafqazda kommunikasiyaların açılması və Azərbaycanla Naxçıvan arasında maneəsiz bağlantının yaradılması istiqamətində gedən proseslər fonunda muxtar respublikanın dəmir yolu sisteminin modernləşdirilməsi strateji əhəmiyyət qazanır. Naxçıvan gələcəkdə Azərbaycanın əsas ərazisini Türkiyə və daha geniş Avropa bazarı ilə birləşdirən nəqliyyat xəttinin mühüm halqasına çevrilə bilər. Beləliklə, Naxçıvanın əhəmiyyəti artıq yalnız Azərbaycanın ayrılmaz hissəsi olması ilə məhdudlaşmır; onun coğrafi mövqeyi Azərbaycan-Türkiyə bağlantısı, Orta Dəhliz və bütövlükdə Şərq-Qərb nəqliyyat sistemində əlavə strateji dəyər yaradır.
Enerji layihələri də bu strategiyanın başqa mühüm sütununu təşkil edir. “Şəms 1” və “Qərbi Üfüq” Günəş Elektrik stansiyalarında görülən işlər Naxçıvanın yaşıl enerji potensialının praktik iqtisadi resursa çevrilməsi xəttini göstərir. Muxtar respublikanın günəş enerjisi potensialı və Türkiyə ilə birbaşa sərhədə malik olması gələcəkdə burada istehsal edilən yaşıl enerjinin yalnız daxili tələbat üçün deyil, ixrac məqsədləri üçün də istifadəsi perspektivini gücləndirir. Bu, Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi yaşıl enerji siyasətinin Naxçıvan istiqamətində də genişləndirilməsi deməkdir. Nəticədə ölkənin müxtəlif bölgələrində yaradılan enerji infrastrukturları vahid milli və perspektivdə regional enerji sisteminin elementlərinə çevrilə bilər.
Prezidentin “Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Plan”la tanış olması isə prosesin yalnız cari layihələrlə məhdudlaşmadığını göstərir. Söhbət təxminən iki onilliyi əhatə edən şəhərsalma və inkişaf perspektivindən gedir. Yeni sosial evlərin, mehmanxana kompleksinin, elektrik mühərrikli avtobusların və DOST Mərkəzinin gündəmə gətirilməsi iqtisadi inkişafla yanaşı, həyat keyfiyyətinin yüksəldilməsinə hesablanmış sosial modernləşmə xəttini nümayiş etdirir. Başqa sözlə, Naxçıvan üçün nəzərdə tutulan model təkcə yolların, enerji obyektlərinin və sənaye müəssisələrinin yaradılması deyil, müasir şəhər mühitinin, sosial xidmətlərin və yeni məşğulluq imkanlarının paralel şəkildə formalaşdırılmasıdır.
Səfərin mədəni komponenti də xüsusi siyasi məna daşıyır. Möminə xatun türbəsində aparılan bərpa işləri ilə tanışlıq və Əcəmi Naxçıvaninin abidəsinin açılması Naxçıvanın modernləşdirilməsinin onun tarixi-mədəni kimliyinin qorunması ilə paralel aparıldığını göstərir. Naxçıvan Azərbaycan dövlətçilik tarixində xüsusi yer tutur və burada yerləşən tarixi abidələrin bərpası həm milli irsin qorunmasına, həm də regionun turizm potensialının artırılmasına xidmət edir. Yeni mehmanxana və şəhər infrastrukturu layihələri ilə tarixi-mədəni obyektlərin bərpasının eyni proqram daxilində yer alması gələcəkdə Naxçıvanın turizm imkanlarının da iqtisadi inkişafın mühüm istiqamətlərindən birinə çevrilə biləcəyini göstərir.
Digər mühüm məqam səfərin hərbi-təhlükəsizlik komponentidir. Prezident İlham Əliyevin Əlahiddə Ümumqoşun Orduda yeni yaradılmış komando hərbi hissələrinə Döyüş bayraqlarının verilməsi mərasimində iştirakı Naxçıvanın strateji təhlükəsizlik baxımından əhəmiyyətini bir daha nümayiş etdirdi. Naxçıvan Türkiyə, İran və Ermənistanla həmsərhəddir və son illərdə regionda yaranmış yeni geosiyasi vəziyyət fonunda onun müdafiə qabiliyyətinin yüksək səviyyədə saxlanılması Azərbaycanın milli təhlükəsizlik strategiyasının mühüm elementidir. İnfrastruktur və iqtisadi layihələrlə paralel olaraq hərbi potensialın modernləşdirilməsi Bakının Naxçıvana yanaşmasının üç əsas xəttini – inkişaf, bağlantı və təhlükəsizliyi – eyni strateji çərçivədə birləşdirdiyini göstərir.
Bütövlükdə, Prezident İlham Əliyevin Naxçıvan səfərinin əsas siyasi mesajı muxtar respublikanın yeni regional şəraitə hazırlanmasıdır. Azərbaycan Cənubi Qafqazda müharibədən sonrakı mərhələdə nəqliyyat kommunikasiyalarının açılması, regional iqtisadi inteqrasiya və yeni logistika xətlərinin formalaşdırılması istiqamətində siyasət yürüdür. Bu proseslərin irəliləməsi Naxçıvanın əvvəlki coğrafi məhdudiyyətlərini strateji üstünlüyə çevirə bilər. Naxçıvan Azərbaycanı Türkiyə və Avropa istiqamətinə bağlayan qovşağa, yaşıl enerji istehsalçısına, yeni sənaye və logistika məkanına çevrilmək potensialına malikdir. Buna görə də səfər zamanı elan edilən və icrası yoxlanılan layihələr ayrı-ayrı tikinti və infrastruktur təşəbbüsləri deyil, Naxçıvanın Azərbaycanın ümumi iqtisadi, nəqliyyat və təhlükəsizlik sisteminə daha sıx inteqrasiyasını nəzərdə tutan uzunmüddətli strategiyanın tərkib hissəsi kimi qiymətləndirilməlidir.
Züriyə Qarayeva
Bakı 



