Avqustun 12-də İsveç sakinləri eyni axşam iki nadir səma hadisəsini – qismən Günəş tutulmasını və Perseid meteor yağışını müşahidə edə biləcəklər.
Bakıvaxtı.az xəbər verir ki, son on ildən artıq müddətdə ölkədə müşahidə ediləcək ən böyük Günəş tutulması zamanı Ay Günəş diskinin bir hissəsini örtəcək.
Hadisə İsveçin bütün ərazisindən görünəcək. Ölkənin müxtəlif bölgələrindən asılı olaraq Ay Günəş diskinin 80 faizdən çoxunu qapadacaq. Növbəti bu qədər genişmiqyaslı Günəş tutulmasının yalnız 2039-cu ildə baş verəcəyi gözlənilir.
Həmin gün tam Günəş tutulmasını İslandiya, Qrenlandiya və İspaniyanın şimal hissəsinin sakinləri görə biləcəklər. Mütəxəssislər xatırladırlar ki, Günəş Aydan təxminən 400 dəfə böyük olsa da, Yerə Aydan 400 dəfə daha uzaqda yerləşdiyi üçün tutulma baş verir.
Günəşə birbaşa baxmaq gözlər üçün təhlükəlidir. Müşahidə zamanı xüsusi Günəş tutulması eynəklərindən istifadə etmək və ya Günəşin müxtəlif səthlərdəki əksini izləmək tövsiyə olunur.
Çərşənbə günü astronomik hadisələr bununla bitməyəcək. Yerli vaxtla saat 23:00 radələrində hər il avqustda müşahidə olunan və ilin ən gözəl meteor yağışlarından biri hesab edilən Perseid meteor yağışı başlayacaq. Bu zaman səmada çoxlu sayda "axan ulduz" görmək mümkün olacaq.
Hər iki nadir səma hadisəsinin eyni axşam baş verməsi astronomiyada olduqca qeyri-adi təsadüf hesab olunur.
Bakı 



