Almaniyanın Hannover-Langenhagen hava limanının fəaliyyəti naməlum pilotsuz uçuş aparatının (PUA) aşkarlanması səbəbindən iki saatdan çox müddətə dayandırılıb.
Bakıvaxtı.az xəbər verir ki, PUA polisə məxsus aşkarlama sistemlərindən yayınmağı bacarıb. Dronu ilk olaraq yükdaşıma şirkətinin əməkdaşı, daha sonra isə polis patrulları müşahidə ediblər. Hava limanı yerli vaxtla səhər saat 4 radələrində tamamilə bağlanıb.
Bağlanmadan sonra hava limanının şimal uçuş-enmə zolağı yenidən istifadəyə verilib. Lakin bir neçə dəqiqə sonra dron bu dəfə "TUI Fly" aviaşirkətinin binası üzərində, daha sonra isə perronda müşahidə olunub.
PUA sonuncu dəfə saat 04:40-da (Bakı vaxtı ilə saat 06:40 - red.) qeydə alınıb. Hava limanının fəaliyyəti yalnız saat 05:20-də (07:20 - red.) tam bərpa olunub.
Hadisə nəticəsində yük təyyarələrindən biri marşrutunu dəyişməli olub, bir neçə reys isə təxirə salınıb.
Polis hesab edir ki, müşahidə edilən PUA məlum mülki dron modellərindən heç birinə aid deyil və aşkarlama sistemlərindən yayınmaq imkanına malikdir.
Məlumata görə, Almaniya Federal Polisi mövcud antidron avadanlığı ilə hava limanının təhlükəsizliyini təmin edə bilməyib.
Bakı 



