ABŞ Energetika Nazirliyi 2026-cı ildə "Brent" markalı neftin orta qiyməti ilə bağlı proqnozunu 6% artıraraq 81,91 dollardan 86,81 dollara çatdırıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyinin Enerji İnformasiyası Administrasiyasının (EIA) hesabatında bildirilib.
Qurum qeyd edib ki, Hörmüz boğazından neft tədarükünün azalması yaxın aylarda dünya üzrə neft ehtiyatlarının daha da azalmasına səbəb olacaq və neft qiymətlərini avqustun ilk həftələrində müşahidə olunan səviyyələrə yaxın saxlayacaq.
ABŞ Energetika Nazirliyinin proqnozuna görə, 2026-cı ilin üçüncü rübündə "Brent" markalı neftin orta spot qiyməti təxminən 85 dollar təşkil edəcək.
"Anbar ehtiyatları bərpa olunduqca və hasilatın böyük hissəsinin 2027-ci ilin əvvəlinədək bərpa ediləcəyi gözlənildikcə, "Brent" markalı neftin spot qiymətinin tədricən azalaraq 2027-ci ildə orta hesabla 69 dollar olacağını gözləyirik", - deyə hesabatda qeyd olunub.
Qurum 2027-ci il üçün "Brent" neftinin orta qiyməti ilə bağlı proqnozunu da açıqlayıb. Gələn il bu göstəricinin 69,39 dollar olacağı gözlənilir.
ABŞ Energetika Nazirliyi dünya üzrə gündəlik təxminən 0,6 milyon barel həcmində neft hasilatında yaranan fasilələrin 2027-ci ilin sonunadək davam edəcəyini proqnozlaşdırır.
Hesabata əsasən, ABŞ-də neft hasilatı 2026-cı ildə gündəlik 13,8 milyon barel təşkil edəcək. Beləliklə, proqnoz əvvəlki 13,78 milyon barellik göstərici ilə müqayisədə sutkada 20 min barel artırılıb.
2027-ci ildə isə ABŞ-də neft hasilatının gündəlik 14,15 milyon barelə çatacağı gözlənilir. Əvvəlki proqnozda bu göstəricinin 14,03 milyon barel olacağı bildirilmişdi.
Bakı 



