“Əgər uşaqda günvurma baş verirsə, deməli, günəşdən qorunma qaydalarına düzgün əməl edilməyib”.
Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyi K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun doktorantı, pediatr Regina Nemətova qurumun “Instagram” səhifəsində keçirilən canlı yayım zamanı deyib.
Onun sözlərinə görə, günvurmanın əsas əlamətləri başgicəllənmə, baş ağrısı, halsızlıq, bədən hərarətinin yüksəlməsi və həddindən artıq tərləmədir. Ağır hallarda isə uşaq suallara cavab verə, adını deyə və sadə rəqəmləri saya bilməyə bilər.
R.Nemətova bildirib ki, belə vəziyyətdə ilk növbədə uşaq sərin və havalandırılan yerə aparılmalı, üzərindəki artıq geyimlər çıxarılmalı və bədəni sərin su ilə soyudulmalıdır.
“Əgər uşağın şüuru yerindədirsə, ona sərin su vermək olar. Amma uşaq şüursuzdursa və ya suallara düzgün cavab vermirsə, qəti şəkildə ağızdan maye və ya dərman vermək olmaz. Əks halda aspirasiya baş verə bilər”, - deyə pediatr əlavə edib.
Zeynəb Rzayeva
Bakı 



