ABŞ Prezidenti Donald Trampın avqustun 8-də Prezident İlham Əliyevə zəng edərək İran ətrafında gedən prosesləri müzakirə etməsi Rəsmi Bakının geosiyasi çəkisini bir daha gündəmə gətirib.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Azad Məsiyev bildirib ki, Azərbaycan hər zaman qonşularla dinc yanaşı yaşama prinsipinə əməl edir və məsələlərin beynəlxalq hüquq müstəvisində tənzimlənməsində maraqlıdır. Onun sözlərinə görə, rəsmi Bakı dəfələrlə bəyan edib ki, üçüncü dövlətlərin Azərbaycan ərazisindən İrana hər hansı müdaxiləsinə icazə verilməyəcək. Məqsəd regionda sülh və əmin-amanlığı təmin etməkdir:
"Prezident İlham Əliyevin təşəbbüsü olan '3+3' formatı da məhz regionun sabitliyinə və problemlərin regional dövlətlərin birgə təşəbbüsü ilə aradan qaldırılmasına xidmət edir".
Politoloq vurğulayıb ki, Azərbaycanın İranla bağlı mövqeyi birmənalıdır və problemin yalnız diplomatik yolla həllini dəstəkləyir:
"Azərbaycan İrandakı hadisələrə həddindən artıq həssaslıqla yanaşır. İranda dini liderin həlak olması ilə bağlı Prezident İlham Əliyevin İran səfirliyini ziyarət edərək başsağlığı verməsi də bunun göstəricisidir. Təsadüfi deyil ki, bu günlərdə İran Prezidenti Məsud Pezeşkian da Azərbaycanın bu münaqişədə İrana diplomatik və mənəvi dəstəyini əsirgəmədiyini açıq şəkildə bəyan etdi".
.jpg)
Azad Məsiyev: ABŞ İranın qonşularını bu ölkəyə qarşı istifadə etməyə çalışsa da, Bakı buna imkan verməyəcək
A.Məsiyevin sözlərinə görə, Azərbaycanın regionda aparıcı və İranla sərhəd dövlət olduğunu nəzərə alsaq, ABŞ Prezidentinin İlham Əliyevlə əlaqə saxlayıb fikir mübadiləsi aparması tamamilə təbiidir:
"Lakin Azərbaycan hərbi həll variantını müsbət qiymətləndirmir. İranda milyonlarla soydaşımız yaşayır və hərbi əməliyyatlar onlar üçün böyük təhlükə yaradır. ABŞ İranın qonşularını bu ölkəyə qarşı istifadə etməyə çalışsa da, Bakı buna imkan verməyəcək. Bir müddət əvvəl Türkiyə mətbuatı və Müdafiə Nazirliyindən sızan məlumatlarda Naxçıvana atılan dronun İsrailə məxsus olduğu bildirilmişdi. Məqsəd təxribat törətmək və qonşuları İranın üzərinə qaldırmaq idi. Türkiyə də bu məsələdə həssaslıq nümayiş etdirərək İranın parçalanmasının yolverilməz olduğunu bəyan etdi".
Ekspert hesab edir ki, Vaşinqtonun Bakı ilə məsləhətləşməsi regionda stabilliyin yaranmasına dəlalət edir:
"Azərbaycanın mövqeyi beynəlxalq hüquqa və sülhə söykənir. 44 günlük Vətən müharibəsindən dərhal sonra Ermənistana 5 baza prinsipindən ibarət sülh təklifinin təqdim olunması da Bakının problemləri yalnız dinc yolla həll etmək niyyətini göstərir. İrandakı gərginlik regional və geosiyasi sabitliyi pozur. Münaqişə nə qədər tez dinc yolla həll olunarsa, bir o qədər tez sabitlik bərqərar olar. Təəssüf ki, hazırda beynəlxalq hüquq deyil, güc tətbiqi ön plana çıxıb, bu da qlobal xaos və iqtisadi gərginlik yaradır".
Zeynəb Rzayeva
Bakı 



