• Bakı 27° C

    5.17 m/s

  • USD - 1.7

    EUR - 1.9622

    RUB - 2.0605

Mingəçevir su anbarında suyun səviyyəsi maksimal həddə çatır

CƏMİYYƏT

12 Avqust 2026 | 18:36

Mingəçevir su anbarında suyun səviyyəsi maksimal həddə çatır

Havaların isti və quraq keçməsi Mingəçevir su anbarında su səviyyəsinin tədricən azalmasına səbəb olsa da, hazırkı göstəricilər ötən ilin eyni dövrü ilə müqayisədə daha yüksək olaraq qalır.

Bakıvaxtı.az xəbər verir ki, hazırda maksimal səviyyəsi 83 metr olan Mingəçevir su anbarında suyun səviyyəsi 81 metr 19 santimetr təşkil edir. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 metrdən az fərqlə yüksəkdir. Belə ki, ötən il avqustun 12-də anbarda suyun səviyyəsi 80 metrə yaxın olub.

Aidiyyəti dövlət qurumunun mütəxəssislərinin sözlərinə görə, hazırkı fərqin əsas səbəbi bu il yağıntıların daha çox olmasıdır. Bununla belə, havaların son günlər isti və quraq keçməsi həm Mingəçevir su anbarında, həm də bölgənin digər su hövzələrində su ehtiyatlarının tədricən stabilləşməsinə səbəb olur.

Məlumata görə, hazırda su anbarında suyun səviyyəsi gündəlik olaraq 3-4 santimetr azalır.

Oxşar vəziyyət bölgənin əsas su mənbələri hesab olunan Türyançay, Göyçay və Qanıx çaylarında da müşahidə edilir. Normal şəraitdə saniyədə 60-65 kubmetr su ötürmə gücünə malik Türyançay və Göyçayda hazırda müvafiq olaraq saniyədə 4 və 2 kubmetr su axını qeydə alınır.

Suötürücülük potensialı saniyədə 380-390 kubmetr olan Qanıx çayında isə hazırda saniyədə 82 kubmetr su axır.

Yeri gəlmişkən, su anbarından mənbəyini götürən suvarma kanallarında su sərfinin artırılması da anbarda su səviyyəsinin stabilləşməsinə müəyyən qədər təsir göstərir. Quraqlıq və əkin sahələrinin suvarmaya olan tələbatı nəzərə alınaraq hər iki kanala verilən suyun həcmi artırılıb.

Belə ki, maksimal suötürmə gücü saniyədə 120 kubmetr olan Qarabağ kanalına hazırda saniyədə 113 kubmetr, 90 kubmetr suötürmə imkanına malik Şirvan kanalına isə saniyədə 78 kubmetr su axıdılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR