19 oktyabrda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Yaponiyanın ölkəmizdəki səfiri Vatanabe Katsuyanı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
Bakıvaxtı.az xəbər verir ki, görüşdə Azərbaycan-Yaponiya münasibətlərinin hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
Ceyhun Bayramov səfirin Azərbaycandakı fəaliyyəti dövründə ikitərəfli əlaqələrin inkişafına verdiyi töhfəni məmnunluqla qeyd edib. Nazirinin bu il Yaponiyaya səfəri və səfər çərçivəsində aparılan müzakirələr də xatırlanıb.
Tərəflər siyasi dialoqun davam etdirilməsi, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi və enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar.
Görüşdə Azərbaycanın COP29, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) və Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı (WTDC-25) kimi beynəlxalq tədbirlərə ev sahibliyinin ölkənin qlobal əməkdaşlığa və dayanıqlı inkişaf gündəliyinə töhfəsi olduğu bildirilib.
Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, qarşılıqlı dəstək, eləcə də təhsil, mədəniyyət və idman sahələrində əlaqələrin genişləndirilməsi məsələləri də müzakirə olunub.
Azərbaycanın Yaponiya vətəndaşları üçün birtərəfli qaydada vizasız gediş-gəliş rejimi tətbiq etməsinin turizm mübadiləsinin və xalqlar arasında təmasların inkişafına xidmət etdiyi qeyd edilib. Cüdo və sumo vasitəsilə iki xalq arasında mədəni əlaqələrin gücləndirilməsi imkanlarına da diqqət çəkilib.
Sonda Ceyhun Bayramov Vatanabe Katsuyaya Azərbaycandakı diplomatik fəaliyyəti dövründə göstərdiyi səylərə görə təşəkkür edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
















