Oktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşü kemirildi. Tədbir Azərbaycanın beynəlxalq diplomatiyada oynadığı rolun genişlənməsi baxımından mühüm hadisə sayıla bilər.
Müxtəlif siyasi maraqlara malik dövlətlərin nümayəndələrinin Azərbaycan paytaxtında bir araya gəlməsi Bakının regional və qlobal məsələlərin müzakirə edildiyi platformalardan birinə çevrildiyini göstərdi. Zirvə görüşündə təhlükəsizlik, nəqliyyat əlaqələri, iqtisadi əməkdaşlıq və qarşılıqlı etimadın gücləndirilməsi kimi məsələlər ön plana çıxdı. Azərbaycanın belə bir tədbirə ev sahibliyi etməsi ölkənin yalnız coğrafi mövqeyi ilə deyil, diplomatik imkanları ilə də beynəlxalq proseslərdə iştirakını genişləndirdiyini nümayiş etdirdi.
Prezident İlham Əliyevin zirvə görüşündəki çıxışı Azərbaycanın xarici siyasət prioritetlərini bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Dövlət başçısı Azərbaycanın Asiya ilə Avropanın kəsişməsində yerləşdiyini və Avrasiya məkanında əlaqələndirici rolunun artdığını vurğuladı. Bu yanaşma ölkənin müxtəlif siyasi və iqtisadi mərkəzlərlə əməkdaşlığı inkişaf etdirmək siyasətinə əsaslanır. Bakı həm Qərb dövlətləri, həm də Asiyanın aparıcı ölkələri ilə münasibətlərini genişləndirməyə çalışır. Belə çoxşaxəli diplomatiya Azərbaycanın beynəlxalq münasibətlər sistemində manevr imkanlarını artırır və regional proseslərdə iştirakını gücləndirir.
Zirvə görüşünün diqqətçəkən tərəflərindən biri də bir-biri ilə ciddi siyasi fikir ayrılıqları yaşayan dövlətlərin nümayəndələrinin eyni diplomatik platformada iştirak etməsi idi. İsrail, İran, Türkiyə, Rusiya və Çin kimi ölkələrin yüksək səviyyəli təmsilçilərinin Bakıya gəlməsi tədbirin siyasi əhəmiyyətini artırdı. Bununla yanaşı, İsrail Prezidentinin çıxışı zamanı Türkiyə və bir sıra digər ölkələrin nümayəndələrinin zalı tərk etməsi beynəlxalq münasibətlərdə mövcud ziddiyyətlərin nə qədər dərin olduğunu göstərdi. Bu hadisə bir daha təsdiqlədi ki, fərqli maraqlara malik dövlətləri eyni masa ətrafına toplamaq mümkün olsa da, onların mövqelərini yaxınlaşdırmaq daha mürəkkəb prosesdir. Azərbaycanın belə görüşlərə ev sahibliyi etməsi isə Bakı üçün dialoq imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətlidir.
Azərbaycanın diplomatik fəallığı iqtisadi və nəqliyyat layihələri ilə də sıx bağlıdır. Orta Dəhlizin inkişafı, Şimal–Cənub nəqliyyat marşrutu və regional kommunikasiya xətlərinin genişləndirilməsi ölkənin beynəlxalq tranzit sistemindəki mövqeyini möhkəmləndirə bilər. AQEM-in Bakı Zirvə Görüşündə nəqliyyat əlaqələrinin inkişafına dair ümumi strategiyanın hazırlanması təşəbbüsünün müzakirəsi bu məsələnin Asiya dövlətləri üçün də əhəmiyyət daşıdığını göstərdi. Xüsusilə Çin, Mərkəzi Asiya ölkələri və Avropa arasında ticarət əlaqələrinin şaxələndirilməsi Azərbaycanın tranzit imkanlarına əlavə maraq yaradır. Beləliklə, Bakı yalnız siyasi dialoqun deyil, həm də iqtisadi əməkdaşlığın mühüm əlaqələndirici məkanlarından birinə çevrilmək potensialını genişləndirir.
Zirvə görüşünün Azərbaycan üçün konkret diplomatik nəticələri də oldu. Laosun təşkilata üzv qəbul edilməsi ilə AQEM-in üzvlərinin sayı 29-a çatdı. Azərbaycanın təşkilata sədrliyi daha iki il, 2026-2028-ci illər üçün uzadıldı. Bundan əlavə, Azərbaycanın namizədi Sultan Hacıyev 2026-2030-cu illər üçün AQEM-in Baş katibi vəzifəsinə təsdiqləndi. Bu qərarlar Azərbaycanın təşkilat daxilində fəaliyyətini davam etdirməsi və yeni təşəbbüslərlə çıxış etməsi üçün əlavə imkanlar yaradır. Eyni zamanda, Bakı Bəyannaməsinin qəbul edilməsi çoxtərəfli əməkdaşlıq, dövlətlərin suverenliyi və regional təhlükəsizlik məsələlərində ortaq dialoqun davam etdirilməsi baxımından əhəmiyyət daşıyır.
Bütün bunlar göstərir ki, Azərbaycanın xarici siyasətində yeni imkanlar formalaşır. Bakı artıq beynəlxalq tədbirlərə ev sahibliyi etməklə kifayətlənmir, həm də müxtəlif regionları birləşdirən siyasi və iqtisadi təşəbbüslərdə iştirakını genişləndirir. Bununla belə, diplomatik fəallığın uzunmüddətli nəticələri qəbul edilən qərarların həyata keçirilməsindən, nəqliyyat layihələrinin inkişafından və dövlətlərarası əməkdaşlığın davamlılığından asılı olacaq. Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri beynəlxalq platformalarda qazandığı imkanları konkret siyasi və iqtisadi nəticələrə çevirməkdir. AQEM-in Bakı Zirvə Görüşü bu istiqamətdə yeni perspektivlər açmaqla yanaşı, Azərbaycanın Asiya ilə Avropa arasında əlaqələndirici rolunu daha da inkişaf etdirmək üçün mühüm diplomatik zəmin yaratdı.
Alim Nəsirov
















