q
  • Bakı 14° C

    8.21 m/s

  • USD - 1.7

    EUR - 2.0018

    RUB - 2.268

Kalsium çoxluğu ölümcül ola bilərmi? - RİSKLƏR AÇIQLANDI

CƏMİYYƏT

22 Aprel 2026 | 10:13

Kalsium çoxluğu ölümcül ola bilərmi? - RİSKLƏR AÇIQLANDI

Tibbi dildə "hiperkalsemiya" adlanan kalsium çoxluğu qanda kalsiumun normadan artıq səviyyəli toplanması ilə əldə edilən bir haldır.

Bakıvaxtı.az istinadən xəbər verir ki, kalsium bədənimizdəki ən vacib minerallardan biridir.

Bədəndə sümük və dişlərin sərtləşməsindən məsul olan kalsium sinir keçirmə, əzələ daralma və qanın laxtalanması kimi həyati funksiyalarda da rol oynayır. Kalsiumun böyük hissəsi sümüklərdə və dişlərdə, qalan hissəsi isə qan, əzələ və digər toxumalarda toplanır. Normal bir insanın qanında kalsium səviyyəsi 8,8-10,4 mq/dL arasında olmalıdır. Lakin qanda kalsiumun səviyyəsi bu diapazondan yuxarı qalxdıqda hiperkalsemiya vəziyyəti, yəni kalsium çoxluğu yaranır.

Hiperkalsemiyanın inkişafında bir çox amillər rol oynayır. Bu amillərə metabolik pozğunluqlar, hormonal balanssızlıqlar, müəyyən dərmanların istifadəsi, əsas xəstəliklər, hiperparatireoz, xərçəng, həddindən artıq D vitamini yüksəkliyi və ya genetik faktorlar daxildir. Yüngül hiperkalsemiya adətən simptomlara malik deyil və müntəzəm qan testləri zamanı təsadüfən aşkar edilir. Bununla belə, kalsium səviyyəsinin ciddi şəkildə yüksəldiyi hallarda müxtəlif əlamətlər baş verə bilər.

Kalsium çoxluğunun mənfi təsirləri

Hiperkalsemiyanın ağır klinik əlamətlərinə əzələ zəifliyi və ya iflic, ürək keçiriciliyinin pozulması və ürək aritmiyaları (o cümlədən, sinus bradikardiyası, sinus blokadası, yavaş idioventrikulyar ritm, mədəciklərin taxikardiyası, mədəciklərin fibrilyasiyası və asistola) daxildir.

Kalsium çoxluğu diaqnozu necə qoyulur?

Kalsium çoxluğu adətən qan analizləri zamanı aşkarlanır. Lakin bəzi hallarda xəstənin simptomlarına əsaslanaraq həkim tərəfindən xüsusi testlər tələb olunur. Diaqnozun ilk mərhələsi qan zərdabında ümumi və ionlaşdırılmış kalsium səviyyəsinin ölçülməsidir. Normalda ümumi kalsium səviyyəsi 8.5–10.5 mg/dL arasında olmalıdır. Əgər kalsium yüksək çıxıbsa, növbəti addım paratiroid hormonunun (PTH) səviyyəsini yoxlamaqdır. Bu hormon kalsium səviyyəsinin tənzimlənməsində əsas rolu oynayır. Primer hiperparatiroidizm hiperkalsemiyanın ən çox rast gəlinən səbəblərindən biridir və bu zaman PTH yüksək olur. Əgər kalsium yüksək, amma PTH aşağıdırsa, bu, D vitamini toksisitesi, bəzi onkoloji xəstəliklər və ya digər metabolik səbəblərlə əlaqəli olur. Kalsium çoxluğunun səbəbini və orqanlara təsirini müəyyən etmək üçün ultrasəs (USM), rentgen, KT və MRT kimi görüntüləmə üsulları istifadə olunur. Xüsusilə böyrəklərdə kalsium yığılıb daş əmələ gəlibsə, USM ilə bu müşahidə edilir. Əlavə olaraq, vitamin D səviyyəsi, fosfat, kreatinin, albumin və tiroid hormonları da qiymətləndirilməlidir. Onkoloji səbəblərdən şübhələnilirsə, müvafiq markerlər və bəzən sümük biopsiyası tələb olunur.

Kalsium çoxluğunun müalicəsi

Hiperkalsemiya yüngül, orta və ağır formalarına görə fərqli yanaşma tələb edir.Qanda kalsium səviyyəsi kritik dərəcədə yüksəlibsə, ilk addım damar içi maye  verilərək bədəndəki kalsiumun sidiklə atımını stimullaşdırmaqdır. Əgər hiperkalsemiya hiperparatiroidizm, onkologiya, D vitamini toksisitesi və ya böyrək xəstəliyi kimi spesifik səbəblərlə bağlıdırsa, müalicə bu əsas xəstəliyə yönəldilir. Məsələn, paratiroid vəzində adenoma varsa, bu vəziyyət cərrahi müdaxilə ilə aradan qaldırılır. Onkoloji hallarda bisfosfonatlar, denosumab və ya kemoterapi vasitəsilə sümükdəki kalsium yığılması azaldılır. D vitamini artmışsa, dərhal dayandırılır və kalsiumu aşağı salan müalicəyə başlanır.

Əgər hiperkalsemiya şiddətli susuzluq, ürək döyüntülərində nizamsızlıq, şüur bulanıqlığı, qıcolma, şiddətli qusma və ya əzələ iflici kimi əlamətlərlə müşahidə olunursa, bu, hiperkalsemik böhran ola bilər və təcili tibbi yardım tələb olunur. Bu vəziyyət həyat üçün təhlükə yarada bilər və xəstəxana şəraitində müdaxilə edilməlidir.

Müalicə olunmayan hiperkalsemiya uzunmüddətli dövrdə böyrək daşları, böyrək çatışmazlığı, ürək ritm pozuntuları və sümük əriməsi (osteoporoza bənzər vəziyyətlər) ilə nəticələnə bilər. Həmçinin, psixoloji dəyişikliklər, yaddaş zəifləməsi və əzələ tonusunun pozulması da müşahidə olunur.

Kalsium çoxluğundan necə qorunaq?

Orqanizmdə kalsium balansını qorumaq üçün vitamin və mineral qəbuluna diqqət yetirmək, qida seçimini düzgün etmək, eləcə də böyrək və hormon sistemlərini mütəmadi nəzarətdə saxlamaq vacibdir. D vitamini və kalsium orqanizm üçün vacib maddələrdir, lakin onların həddindən artıq və ya lazımsız qəbulu hiperkalsemiyaya səbəb olur. Xüsusilə yaşlılar, hamilələr və sümük problemi olan şəxslər bu əlavələri istifadə edərkən həkim nəzarətində dozaya əməl etməlidir.  Eyni zamanda kalsiumla zəngin qidaların (məsələn, süd məhsulları, bəzi balıqlar, toxumlar) ifrat istifadəsi orqanizmdə artıq kalsium toplanmasına səbəb olur. Qida balansı saxlanılmalı, eyni zamanda böyrək funksiyaları müntəzəm olaraq yoxlanmalıdır.

Gülşən Şərif


SON XƏBƏRLƏR

21 Aprel 2026