“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycan iqtisadiyyatının 2026-cı ildə 2,2 faiz artacağını proqnozlaşdırıb. Analitiklər bu proqnozu neft hasilatının azalması və qaz hasilatının sabitləşməsi ilə əlaqələndirirlər. Eyni zamanda İranda mümkün müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsiri də qiymətləndirilib.
Mövzuyla bağlı Bakıvaxtı.az-a danışan deputat Vüqar Bayramov deyib k, “Fitch Ratings” beynəlxalq reytinq agentliyinin Azərbaycanla bağlı proqnozları birbaşa qeyri-neft sektorundakı artımlara əsaslanır.
Onun sözlərinə görə, nəzərə almaq lazımdır ki, neft hasilatının azalmasında və neft sektorunda, eləcə də neft sənayesində azalmaların qeydə alınmasına baxmayaraq, bütövlükdə qeyri-neft sektorunda artımları müşahidə edirik:
“Bu da nəticə etibarilə ümumi iqtisadi artıma təsir göstərir. Baxmayaraq ki, birinci rübdə Azərbaycanın Ümumi Daxili Məhsulun həcmi 0.3 faiz azalıb, amma gözlənti ondan ibarətdir ki, qeyri-neft sektorunun inkişafı hesabına biz növbəti mərhələdə ÜDM-də artımların şahidi olacağıq”.

Vüqar Bayramov, deputat
Müsahibimiz qeyd edib ki, ona görə də beynəlxalq təşkilatların, eləcə də Azərbaycan hökumətinin 2026-cı illə bağlı proqnozları birbaşa qeyri-neft sektorunun artım tempi ilə bağlıdır:
“Bu da nəticə etibarilə qeyri-neft sektorunun iqtisadi artımın drayverinə çevrilməsindən xəbər verir”.
Aydın Baxış
Bakı 




