Azərbaycanda il ərzində qeyd olunan milli və dini bayramlar səbəbilə vətəndaşlar kifayət qədər tətil günlərindən yararlanır. Xüsusilə bayramların həftəsonu ilə birləşdirilməsi uzunmüddətli istirahət imkanları yaradır.
Bəs dünyada vəziyyət necədir? Hansı ölkələr daha çox tətil edir, hansılar isə minimum istirahətlə kifayətlənir?
Araşdırmalar göstərir ki, bu sahədə ölkələr arasında ciddi fərqlər mövcuddur.
Bakıvaxtı.az-ın araşdırmasına görə, dünyada rəsmi tətil günlərinin sayı ölkədən ölkəyə ciddi şəkildə dəyişir və bu fərqlər əsasən dini müxtəliflik, mədəniyyət və dövlət siyasəti ilə bağlıdır. Araşdırmalara görə, dünya üzrə orta göstərici ildə təxminən 13 rəsmi tətil günüdür.
Lakin bəzi ölkələr bu göstəricini xeyli üstələyir və siyahıya əsasən Asiya ölkələri liderlik edir.
Ən çox tətil edən ölkələr
Məlumatlara görə, dünyada ən çox rəsmi tətil günü olan ölkələr arasında ilk sıralarda Nepal, Hindistan, Myanma və Banqladeş yer alır. Nepalda bu rəqəm təxminən 35 günə çatır.
Hindistanda isə tətil günlərinin sayı 40-dan çox göstərilir. Bunun səbəbi ölkədə müxtəlif dinlərin və regional bayramların çoxluq təşkil etməsidir.
Myanma (təxminən 30 gün), Şri Lanka (25 gün) və İran kimi ölkələrdə də tətil günlərinin sayı yüksəkdir. Bu ölkələrdə dini bayramların çoxluğu əsas rol oynayır.
Orta göstəricidə olan ölkələr
Latın Amerikası və Avropa ölkələrinin bir çoxu orta səviyyədə qərarlaşır. Məsələn, Kolumbiya və Filippində illik tətil günləri 18-20 gün civarındadır.
Avropada isə Slovakiya kimi ölkələr təxminən 15 günlə liderlər sırasında olsa da, ümumi göstərici daha aşağıdır.
Ən az tətil edən ölkələr
Siyahının digər ucunda isə daha az rəsmi tətil günü olan ölkələr yer alır. Məsələn, İsveçrə və bəzi Avropa ölkələrində bu rəqəm 6–9 gün arasında dəyişir.
ABŞ-də federal səviyyədə təxminən 11 rəsmi tətil günü mövcuddur ki, bu da dünya ortalamasından bir qədər aşağıdır.
Ekspertlərə görə, ölkələr arasında bu fərqin əsas səbəbi dini və mədəni müxtəliflikdir. Məsələn, bir neçə dinin eyni anda geniş yayıldığı ölkələrdə bayramların sayı avtomatik olaraq artır.
Bundan əlavə, bəzi ölkələrdə ay təqviminə əsaslanan bayramlar (məsələn, islam və ya buddist bayramları) hər il dəyişdiyi üçün tətil günlərinin sayı da daha çox olur.
Aynur Babazadə
Bakı 




