• Bakı 27° C

    2.68 m/s

  • USD - 1.7

    EUR - 1.9589

    RUB - 2.334

İslam İnkişaf Bankı Qrupu Azərbaycanda yeni sazişlər imzaladı

İQTİSADİYYAT

17 Iyun 2026 | 10:54

İslam İnkişaf Bankı Qrupu Azərbaycanda yeni sazişlər imzaladı

Bakıda İslam İnkişaf Bankı Qrupunun (IsDB Group) üzv qurumları ilə Azərbaycanın dövlət və özəl sektor nümayəndələri arasında əməkdaşlığın genişləndirilməsinə yönəlmiş bir sıra mühüm sənədlərin imzalanması mərasimi keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, mərasim çərçivəsində İslam İnkişaf Bankı Qrupunun əsas maliyyə institutlarından olan Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) və Beynəlxalq İslam Ticarət Maliyyə Korporasiyası (ITFC) ilə Azərbaycan tərəfdaşları arasında investisiya, maliyyələşdirmə və biznesin dəstəklənməsi istiqamətlərində yeni razılaşmalar əldə olunub.

Tədbir zamanı ICD ilə SOCAR arasında əməkdaşlıq sazişi imzalanıb. Sənəd Azərbaycanda maliyyələşdirmə mexanizmlərinin inkişafı, investisiya imkanlarının qiymətləndirilməsi və məsləhət xidmətləri üzrə birgə fəaliyyət istiqamətlərini müəyyənləşdirir. Razılaşma SOCAR-ın prezidenti Rövşən Nəcəf və ICD-nin rəhbər vəzifəsini icra edən Xalid Əl-Abudi tərəfindən təsdiqlənib.

Mərasimdə həmçinin ICD ilə Azərbaycan Biznesin İnkişafı Fondu arasında 200 milyon manat məbləğində çərçivə “wakala” müqaviləsi bağlanıb. Müqavilə çərçivəsində ölkənin maliyyə institutlarına milli valyutada kredit resurslarının təqdim olunması və bunun vasitəsilə özəl sahibkarlığın maliyyə əlçatanlığının artırılması nəzərdə tutulur. Sənədi fondun İdarə Heyətinin sədri Ülvi Mansurov imzalayıb.

Bununla yanaşı, ICD və Türk İnvestisiya Fondu arasında 50 milyon ABŞ dolları dəyərində çərçivə agentlik sazişi imzalanıb. Razılaşmanın türk dövlətləri arasında investisiya əməkdaşlığının genişləndirilməsi və regional maliyyə inteqrasiyasının gücləndirilməsi baxımından əhəmiyyət daşıdığı vurğulanıb.

Tədbir çərçivəsində ICD ilə Azerconnect Group arasında 20 milyon ABŞ dolları həcmində birbaşa maliyyələşdirmə təşəbbüsünə dair mandat məktubu da rəsmiləşdirilib.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR