• Bakı 21° C

    3.76 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 2.3214

Hər donor qanı hansı yoxlamalardan keçir? - AÇIQLAMA

CƏMİYYƏT

04 Iyun 2026 | 09:55

Hər donor qanı hansı yoxlamalardan keçir? - AÇIQLAMA

“Səhiyyə Nazirliyinin Respublika Qan Bankında immunohematoloji testlər sistemi beynəlxalq standartlara uyğunlaşdırılıb. Azərbaycanda qan xidmətinin inkişafı, donorların və resipiyentlərin təhlükəsizliyinin təmin edilməsi bu standartların praktik tətbiqi ilə birbaşa bağlıdır”.

Bakıvaxtı.az xəbər verir ki, bunu “Sağlam Radio”nun (93 FM) “Sağlam səhər” proqramında həkim-laborant Mələk Babayeva deyib.

Onun sözlərinə görə, Respublika Qan Bankında həyata keçirilən əsas immunohematoloji müayinələr qan qrupunun təyini, anticisim skrininqi və identifikasiyası, eləcə də uyğunluq (“crossmatch”) testləridir.

“Qan qrupunun təyini zamanı donorlar üçün ABO (birbaşa və əks təyinetmə), RhD və zəif D göstəriciləri yoxlanılır. Resipiyentlərdə isə ABO və RhD ilə yanaşı, zərurət olduqda geniş fenotipləşdirmə (Rh fenotipi, Kell, Duffy və Kidd sistemləri) aparılır.
Anticism skrininqi və identifikasiyası klinik əhəmiyyət daşıyan eritrosit anticisimlərinin aşkarlanmasına xidmət edir. Bu məqsədlə panel eritrositlərindən və indirekt antiglobulin testindən (IAT) istifadə olunur. Skrininq nəticəsi müsbət olduqda, nümunə geniş identifikasiya mərhələsinə yönləndirilir.

Uyğunluq testi isə donor eritrositlərinin resipiyentin serum və ya plazması ilə birbaşa müqayisə olunmasını nəzərdə tutur”, – deyə M.Babayeva bildirib.

Həkim-laborant qeyd edib ki, qan xidmətinin təşkili zamanı beynəlxalq standartlar əsas istiqamətverici rol oynayır.

“Ümumdünya Səhiyyə Təşkilatının qan transfuziyası təhlükəsizliyi üzrə sənədləri qan xidmətinin qurulması, donorların seçilməsi, qanın testləşdirilməsi və keyfiyyət idarəetmə sisteminin formalaşdırılması üçün ümumi çərçivə müəyyən edir. AABB standartları isə qan bankı laboratoriyalarının fəaliyyəti üçün ən əhatəli texniki tələbləri təqdim edir.

Bu standartlara əsasən, hər donor qanında tam ABO/Rh tipləşdirilməsi, anticisim skrininqi və resipiyentlər üçün ən azı iki müstəqil nümunə əsasında qan qrupunun təsdiqlənməsi tələb olunur.

Respublika Qan Bankı fəaliyyətində istinad çərçivəsi kimi ÜST, AABB və ISBT standartlarına əsaslanır. Son illərdə gel kart texnologiyasının tətbiqi, keyfiyyət idarəetmə sisteminin gücləndirilməsi və donor seçimi prosesinin optimallaşdırılması istiqamətində mühüm addımlar atılıb. Tam avtomatlaşdırılmış sistemə keçid isə prioritet hədəflərdən biridir”, – deyə M.Babayeva vurğulayıb.


SON XƏBƏRLƏR

03 Iyun 2026