Yeni modeldə şagirdlərin yalnız test deyil, həm də dinləmə və yazı bacarıqları ön plana çıxarılır.
Bakıvaxtı.az xəbər verir ki, bunu “Tam orta təhsil səviyyəsində xarici dil fənləri üzrə qiymətləndirmə: yeni yanaşmalar və perspektivlər” adlı tədbirdə DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib.
Sədrin sözlərinə görə, xarici dilin mənimsənilməsi mərhələli prosesdir və burada dinləmə bacarığı xüsusi rol oynayır.
O qeyd edib ki, dili bilməyən şəxs eşidib anlamır, lakin ümumiyyətlə eşitmədiyini deyir. Bu normaldır. Yalnız dinləyə-dinləyə insan bu prosesi mənimsəyir və anlama bacarığını inkişaf etdirir. Bundan əlavə, yazı mərhələsi də çox vacibdir. İnsan öz fikrini izah etməyi bacarmalıdır”.
M.Abbaszadə bildirib ki, yazılı qiymətləndirmə artıq yeni mərhələyə keçib və bu istiqamətdə hazırlıq işləri əvvəlcədən aparılıb:
“İki ildən artıqdır ki, bu prosesi hazırlayırıq. Hələ 9-cu sinifdə şagirdlərə esse yazdırmaqla bu mərhələyə keçid təmin olunub. Bu, əvvəl ictimaiyyətin diqqətində olmasa da, əslində ciddi hazırlıq mərhələsi idi”.
O əlavə edib ki, yeni yanaşmalar nəticələrə də müsbət təsir göstərib:
“Əvvəllər yazı tapşırıqlarından imtina edənlərin sayı 70 faizdən çox idi. Hazırda bu göstərici 20 faizə qədər enib. Bu, tədrisdə irəliləyişin göstəricisidir”.
Zeynəb Rzayeva
Bakı 




