Xarici dil üzrə qiymətləndirmədə yeni model mərhələli şəkildə tətbiq edilir və proses illərdir hazırlanır.
Bakıvaxtı.az xəbər verir ki, bunu “Tam orta təhsil səviyyəsində xarici dil fənləri üzrə qiymətləndirmə: yeni yanaşmalar və perspektivlər” adlı tədbirdə çıxış edən Dövlət İmtahan Mərkəzinin (DİM) Dövlət dili və xarici dillər üzrə şöbəsinin müdiri Könül Hacıyeva deyib.
Onun sözlərinə görə, yeni yanaşma çərçivəsində əsas diqqət statistik göstəricilərin inkişaf dinamikasına və şagirdlərin real bacarıqlarının ölçülməsinə yönəlib.
O qeyd edib ki, bu proses təkcə bir ilin işi deyil. 2020-ci ildən etibarən Dövlət İmtahan Mərkəzinin təşəbbüsü ilə silsilə layihələr həyata keçirilib. Bu layihələr nəticəsində dinləmə, oxuyub-anlama və yazı bacarıqlarını ölçən açıq tipli tapşırıqlar tətbiq olunmağa başlayıb.
İmtahan modelinin hazırlanmasında beynəlxalq təcrübəyə də istinad olunub:
“Mövcud model aparıcı beynəlxalq qurumların – Cambridge və British Council kimi institutların mütəxəssisləri tərəfindən qiymətləndirilib, onların rəy və təklifləri nəzərə alınıb”.
K.Hacıyeva qeyd edib ki, pilot layihələr nəticəsində yeni model artıq praktik tətbiq mərhələsinə keçib:
“2025-ci ildə ilk dəfə tətbiq olunan model əslində uzunmüddətli hazırlığın nəticəsidir. Artıq növbəti mərhələdə tam orta təhsil səviyyəsində bu modelin daha geniş tətbiqi nəzərdə tutulur”.
Zeynəb Rzayeva
Bakı 




