q
  • Bakı 15° C

    15.06 m/s

  • USD - 1.7

    EUR - 1.9855

    RUB - 2.2439

Bakı - yeni diplomatik mərkəz: Zelenskinin təklifi nə deməkdir?

SİYASƏT

27 Aprel 2026 | 12:09

Bakı - yeni diplomatik mərkəz: Zelenskinin təklifi nə deməkdir?

“Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana səfəri müxtəlif aspektlərdən qiymətləndirilə bilər. Səfərin iqtisadi aspektlərindən daha çox geosiyasi, siyasi və enerji təhlükəsizlik tərəfləri daha çox diqqəti çəkir”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında politoloq Qulamhüseyn Əlibəyli deyib.

Ekspert bildirib ki, bir tərəfdən Rusiya-Ukrayna, digər tərəfdən isə ABŞ-İsrail cütlüyü ilə İran arasındakı müharibə qlobal miqyasda geosiyasi balansın və təhlükəsizlik arxitekturasının pozulmasına gətirib çıxarıb. Onun sözlərinə görə, bu müharibələrdə Azərbaycanın siyasəti konkret bir dövlətin tərəfini tutmadan özünün geosiyasi, iqtisadi və  milli təhlikəsizlik maraqlarının həyata keçirilməsinə yönəlib: “Azərbaycan müharibə edən dövlətlərin hamısı ilə ehtiyatlı balans siyasəti mövqeyini tutub və bu mövqenin məqsədəuyğunluğu şübhə döğurmur. Belə ki, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıyır və açıq şəkildə dəstəkləyir, dəfələrlə Ukraynaya humanitar yardım göstərib, ölkənin enerji enerji təhlükəsizliyinə kömək edib. Azərbaycan eyni zamanda Rusiyaya qarşı beynəlxalq sanksiyalara qoşulmayıb, həm Ukrayna və həm də Rusiya ilə ikitərəfli münasibətləri, iqtisadi və mədəni əlaqələri inkişaf etdirməyə çalışır”.

Müsahibimiz qeyd edib ki, eləcə də Azərbaycan ABŞ-İsrail cütlüyünün İrana qarşı müharibəsində eyni mövqeyi tutdu və bir neçə dəfə İrana humanitar yardım göstərdi, ayrı-ayrı dövlətlərinin öz vətəndaşlarını müharibə bölgəsindən çıxarmasını təşkil etdi.

Siyasi şərhçinin sözlərinə görə, balanslı və təmkinli xarici siyasət dövlətimiz üçün səmərəsini verməkdədir:

“Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında, Şərq-Qərb və Şimal-Cənub arasında qarşılıqlı faydalı əlaqələrin qurulması və inkişafında əhəmiyyətli rol oynayır, tədricən diplomatik çəkisini artırır və tərəfsiz diplomatik mərkəzə çevrilir. Bir çox dövlətlər Azərbaycanın regional rolunu etiraf edir və ölkəmizlə ikitərəfli əməkdaşlığı genişləndirmək istəyir. Zelenskinin Rusiya ilə Ukrayna arasında danışıqların Azərbaycanda keçirilməsi təklifi bunu bir daha təsdiq edir. Danışıqların mümkün məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi hesab edilməməlidir.  Bu o deməkdir ki, Ukrayna Azərbaycanı həm təhlükəsiz və həm də etibarlı bir ölkə kimi qəbul edir”.

Qulamhüseyn Əlibəyli: Bu səfərin yekunları İlham Əliyevin xarici siyasətinin növbəti diplomatik uğuru hesab oluna bilər

Həmsöhbətimiz əlavə edib ki, Zelenskinin səfərinin Azərbaycanla Ukrayna arasında ikitərəfli münasibətlərin daha da  möhkəmlənməsi baxımından əhəmiyyəti də qeyd olunmalıdır:

“Azərbaycan qazının Avropaya nəqlində Ukraynanın tranzit və ya loqistik rolunun müzakirəsinə verilməsi ehtimalı daha çoxdur. Eyni zamanda işğaldan azad edilmiş ərazilərimizdə gedən bərpa və yenidənqurma işlərində təcrübənin nəzərə alınaraq gələcəkdə Ukraynanın müharibədən zərər görmüş bölgələrində bərpa və yenidənqurma layihələrində Azərbaycanın potensial iştirakı da müzakirə obyekti ola bilər”.

Politoloq bildirib ki, Zelenskinin səfəri həm də Ukraynanın Cənubi Qafqazda möhkəmlənmək, yeni geosiyasi mövqelər qazanmaq və regional təhlükəsizlik sistemi yaratmaq, Rusiyanın mümkün təsir imkanlarını azaltmaq cəhdi kimi də qiymətləndirilir. Bu qiymətləndirmədə müəyyən həqiqətlərin olması istisna olunmur.

“Bütövlükdə bu səfərinin yekunları Azərbaycan hakimiyyətinin, Prezident İlham Əliyevin uzaqgörən xarici siyasətinin növbəti diplomatik uğuru hesab oluna bilər”, - deyə Qulamhüseyn Əlibəyli vurğulayıb.

Aydın Baxış


SON XƏBƏRLƏR

26 Aprel 2026