Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən heyvanların peyvəndləmə prosesinə dair təlimatlandırıcı videoçarx hazırlanıb.
Bakıvaxtı.az xəbər verir ki, ölkədə epizootik sabitliyin qorunması və heyvan sağlamlığının təmin edilməsi məqsədilə iri və xırdabuynuzlu heyvanların qarayara, dabaq, nodulyar dermatit, bruselyoz, çiçək, itlərin quduzluq, təkdırnaqlı heyvanların isə rinopnevmoniya və qrip xəstəliklərinə qarşı peyvəndlənməsi dövlət büdcəsi hesabına həyata keçirilir. Peyvəndləmələr aidiyəti dövlət qurumu ilə bağlanmış müqavilə əsasında fərdi baytarlıq fəaliyyəti ilə məşğul olan baytarlıq mütəxəssisləri tərəfindən icra edilir. Peyvəndləmədə istifadə ediləcək vaksinin son istifadə tarixi, saxlanma şəraiti (“soyuq zəncir” rejimi) mütəxəssis tərəfindən cavabdeh şəxsə göstərilməlidir. Hər bir heyvan üçün fərdi steril iynələrdən istifadə edilməli, inyeksiya nahiyəsi dezinfeksiya olunmalıdır. Aparılan hər bir peyvəndləmə haqqında məlumatlar heyvanın pasportuna, heyvanların identifikasiyası və qeydiyyatı sisteminə və ya dövlət baytarlıq uçot formalarına qeyd edilməlidir.
Qeyd olunub ki, təsərrüfat sahibləri heyvan xəstəliklərinə qarşı aparılan profilaktik və sağlamlaşdırıcı tədbirlərlə bağlı qarşılaşdıqları məsələlər üzrə Agentliyin “1003 - Çağrı Mərkəzi”nə müraciət edə bilərlər.
Bakı 




