Bakıda bacısının ərinin üzərinə benzin töküb yandırmaqla onun ölümünə səbəb olmaqda təqsirləndirilən Məhərrəm Hüseynzadənin cinayət işinin bəzi detalları məlum olub.
Bakıvaxtı.az-ın "Unikal"a istiandən məlumatına görə, hadisə 2025-ci il mayın 29-da gecə saatlarında paytaxtın Nərimanov rayonunda qeydə alınıb.
Belə ki, Məhərrəm Hüseynzadənin bacısı ailədaxili münaqişələr və həyat yoldaşı Zəhmət Əhmədovla yaxşı münasibətlərinin olmaması səbəbindən atasıgilə geri qayıdıb.
Bacısının əri Zəhmət Əhmədov da sərxoş halda onların yaşadığı ünvana gələrək, orada səs-küy yaradıb.
Qonşular narahat olmasın deyə Məhərrəm bacısının ərini sakitləşdirmək üçün aşağı düşüb və onu öz maşınına mindirib ordan uzaqlaşdırmaq istəyib.
İttiham aktında göstərilib ki, onlar yola düşüb və yolda aralarında sözlü mübahisə düşüb. Məhərrəm ona tez-tez ailədaxili münaqişələr yaratması və ailə üzvlərini narahat etməsindən və övladları ilə görüşə bilməməsində onları əsassız yerə günahlandırmasından bezdiyini bildirib.
Məhərrəm bacısının ərinin boynundan tutaraq onu diri-diri yandıracağını deyib.
Onlar Nərimanovdakı “LUKOIL” adlı Yanacaq Doldurma Məntəqəsinə gələrək idarə etdiyi avtomobili platformadan bir qədər kənarda saxlayaraq yerə düşüb avtomobilin yük yerindən Zəhmət Əhmədovun üzərinə tökməsi üçün yanacaq almaq məqsədilə bir litrlik ağ rəngli plastik qabı götürüb və operatora verib. Yanacaq doldurulan zaman Zəhmət qabı operatordan dartaraq götürüb içərisindəki benzini öz başına və üzərinə töküb. Məhərrəm isə Zəhmət Əhmədovu aldadaraq söhbətlərini qıraq yerdə davam etdirməyi bildirməklə onu platformadan bir qədər kənarda saxladığı avtomobilin yanına tərəf aparıb. 29 may 2025-ci il tarixdə, saat 02:36 - da avtomobilin qarşısına çatdıqda anidən yarımçönmüş vəziyyətdə dayanaraq sağ əlindəki alışqanla Zəhmət Əhmədovu üzərinə ataraq yandırıb. O, ağır yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb. Bununla da Məhərrəm Hüseynzadə Zəhmət Əhmədovu xüsusi amansızlıqla qəsdən öldürüb.
Məhkəmə istintaqı dövründə Məhərrəm Hüseynzadə ona qarşı elan edilmiş ittihamla özünü təqsirli bilməyib.
Onun sözlərinə görə, bacısının əri ilə dostluq münasibətləri olub. Bacısının əri həyətlərinə gələrək qışqıran zaman onu evə girməyi təklif edib. O, Zəhmətə onlarda qalmasını və sabah söhbət etmələrini təklif edib. Zəhmət isə bununla razılaşmayaraq evə getmək istədiyini bildirib. O, bacısının əri ilə bir yerdə evdən çıxıblar. Onlar yollarına davam edərkən Zəhmət ona maşını yanacaq doldurma məntəqəsinə sürməsini deyib. Məhərrəm isə Zəhmətə benzin lazımdırsa maşınında tam dolu benzin olduğunu və ora getməmələrini bildirib.
Zəhmət benzinin evdə lazım olduğunu bildirib. Onlar yanacaq doldurma məntəqəsinə gediblər və o, maşınında olan qabı doldurması üçün Zəhmətə verib. Yanacağın pulunu da Zəhmətin özü verib. O, benzini yerdə saxlayacağından öz maşınını da Yanacaq Doldurma Məntəqəsində aralıda saxlayıb. Məqsədi benzini yerdə saxlamaq və Zəhmətlə birlikdə onun evinə getmək olub. Həmin vaxt onlar benzini qaba doldurduqları anda Zəhmət anidən qabı şlanqdan çəkib öz başına boşaltmağa başlayıb. Başına benzin tökən kimi Zəhmət onu yandıracağını deməsini ona bildirib. Həmin vaxt onlar duruxub qalmışlar. Məhərrəm əlini atıb maşınını idarə etmək istədikdə Zəhmət ikinci dəfə başına benzin töküb. Bundan sonra təkrar özünə benzin tökəndə Məhərrəm Zəhmətə tərəf qaçıb əlindən tutmağa çalışıb. Qolundan tutmağa çalışan kimi Zəhmət alovlandı.
Məhərrəmin vəkili Arslan Mikayılov müdafiə çıxışı edərək bildirib ki, cinayət nə vasitəsilə törədilməsi məlum deyil və bu istintaqla da müəyyən edilməyib:
"İşi aparan müstəntiqin prosesə gələrək ifadə verməsi ilə bağlı vəsatət verməyimizə baxmayaq təəssüflər olsun ki, təmin edilmədi. Cinayət işində kifayət qədər boşluqlar var şikayətimizi digər instansiya məhkəmələrinə verəcəyik.
Xatırladaq ki, Məhərrəm Hüseynzadəyə qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Aytən Əliyevanın çıxardığı hökmə əsasən, Məhərrəm Hüseynzadə 16 il müddətinə azadlıqdan məhrum edilib.
Dövlət ittihamçısı Ergin Qafarov isə məhkəməyə təqsirləndirilən şəxsin 18 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Bakı 





