q
  • Bakı 15° C

    15.06 m/s

  • USD - 1.7

    EUR - 1.9855

    RUB - 2.2439

Azərbaycan tarixi addımlar atır - Deputat

SİYASƏT

27 Aprel 2026 | 12:11

Azərbaycan tarixi addımlar atır - Deputat

Millət vəkili Ceyhun Məmmədov Milli Məclisdə çıxışı zamanı Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsinin ölkənin nüfuzu və inkişafı baxımından əhəmiyyətini xüsusi vurğulayıb.

Bakıvaxtı.az-ın xəbərinə görə, o bildirib ki, Azərbaycanın son illərdə Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, COP29 və Qlobal Bakı Forumu kimi mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsi artıq ənənə halını alıb və bu, ölkənin artan beynəlxalq etimadının göstəricisidir:

“Mən də Azərbaycanın keçirdiyi bu tədbirə ev sahibliyi etməsini ölkəmiz baxımından xüsusi önəm və əhəmiyyətli hesab edirəm. Bu cür beynəlxalq tədbirlərin keçirilməsi dövlət imkanlarının, ölkəmizin dünyada tanınmasının, ona olan etimadın və artan diqqət və hörmətin göstəricisidir. Məlum olduğu kimi, Azərbaycanın bu gün beynəlxalq tədbirlərə ev sahibliyi etməsi artıq ənənə halını alıb”.

Deputat qeyd edib ki, Azərbaycan bu sahədə böyük təcrübə toplayıb və keçirilən bütün tədbirlər yüksək səviyyədə təşkil olunub:

“Azərbaycan son illər Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, COP29, Qlobal Bakı Forumu kimi bir çox mötəbər tədbirlərə ev sahibliyi edib və hər birini ən yüksək səviyyədə həyata keçirib. Bu sahədə böyük təcrübə qazanıb”.

Ceyhun Məmmədov COP29-un nəticələrinin hələ də beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olduğunu vurğulayıb:

“Bu gün çox qürurvericidir ki, Azərbaycanın COP29-da əldə etdiyi uğur və nəticələr hələ də dünyanın diqqət mərkəzindədir və geniş müzakirə olunmaqdadır".

O əlavə edib ki, belə tədbirlər Azərbaycanın nüfuzunun artmasına, iqtisadi və turizm potensialının güclənməsinə mühüm töhfə verir:

“Heç şübhəsiz ki, Azərbaycan bu tədbirdə yüksək səviyyədə ev sahibliyi edəcək. Bu tədbirlər dövlətimizin nüfuzunun artmasına, iqtisadiyyatının, şəhərsalmanın inkişafına töhfə verməklə yanaşı, ölkəmizin turizm potensialına da önəmli dəyər qatacaq”.

Deputat həmçinin beynəlxalq qonaqların Azərbaycana səfərlərinin ölkənin imicinə müsbət təsir göstərəcəyini bildirib:

“Tədbir zamanı çoxlu sayda rəsmi şəxslərin, beynəlxalq təşkilatların nümayəndələrinin və turistlərin Azərbaycana səfəri ölkəmizin nüfuzunun daha da artmasına ciddi töhfə verəcək”.

Ceyhun Məmmədov çıxışında Qarabağda aparılan bərpa və quruculuq işlərinə də toxunaraq qeyd edib ki, bu proses beynəlxalq tədbirlər vasitəsilə dünyaya daha geniş şəkildə təqdim olunur:

“Ölkəmizin bu cür tədbirlərə ev sahibliyi etməsi Azərbaycan həqiqətlərinin, Qarabağda həyata keçirilən misilsiz quruculuq işlərinin dünyaya təbliği baxımından da xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Qarabağda möcüzələr yaradır”.

O, dağıdılmış ərazilərin qısa zamanda bərpa olunmasını tarixi nailiyyət kimi qiymətləndirib:

“Tamamilə dağıdılmış əraziləri qısa müddətdə minalardan təmizləmək, yenidən dirçəltmək və dünyanın ən abad bölgələrindən birinə çevirmək dövlətimizin növbəti tarixi nailiyyətidir”.

Əli Hüseynov


SON XƏBƏRLƏR

26 Aprel 2026