“Azərbaycanın 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi etməsi ölkəyə beynəlxalq səviyyədə verilən yüksək dəyərin göstəricisidir”.
Bakıvaxtı.az-ın xəbərinə görə, bu sözləri Milli Məclisdə çıxış edən deputat Məlahət İbrahımqızı bildirib.
Onun sözlərinə görə, bu qərar Azərbaycanın urbanizasiya və şəhərsalma sahəsində əldə etdiyi nailiyyətlər, davamlı inkişaf məqsədlərinə verdiyi töhfələr, eləcə də beynəlxalq tədbirlərin təşkilində qazandığı təcrübə ilə bağlıdır.
Deputat vurğulayıb ki, BMT sənədinin preambulasında Azərbaycanın müasir şəhərsalma yanaşması, təhlükəsizlik və yaxşı təcrübə nümunələri, həmçinin “yeni şəhər gündəliyi”nə verdiyi dəstək xüsusi olaraq qeyd olunub. Bu isə ölkənin qlobal miqyasda nüfuzunun artmasının göstəricisi kimi qiymətləndirilir.
O, eyni zamanda Prezident İlham Əliyevin həm ölkə daxilində, həm də beynəlxalq arenada həyata keçirdiyi siyasətin Azərbaycanın tanıdılmasında mühüm rol oynadığını bildirir və Birinci vitse-prezident Mehriban Əliyevanın bu istiqamətdəki fəaliyyətini də xüsusi qeyd edib.
Çıxışın sonunda deputat Prezident İlham Əliyevə verilmiş “Beynəlxalq Sülh və Barışıq üçün Diplomatik Mükafat”dan bəhs edib. Bildirib ki, bu mükafat çox məhdud sayda dünya liderinə verilib və onun altı laureatı Nobel mükafatı sahibidir.
Əli Hüseynov
Bakı 




