• Bakı 17° C

    3.27 m/s

  • USD - 1.7

    EUR - 1.9782

    RUB - 2.3386

WUF13-ün Qlobal Urban Hüququnun formalaşmasında rolu

WUF13

20 May 2026 | 16:12

WUF13-ün Qlobal Urban Hüququnun formalaşmasında rolu

Şəhərlərin sürətli inkişafı, urbanizasiya proseslərinin dərinləşməsi və qlobal miqyasda dayanıqlı inkişaf çağırışları müasir beynəlxalq hüququn da diqqət mərkəzinə çevrilmişdir.

Bu kontekstdə WUF13 şəhərsalma siyasətləri, yaşayış hüququ, mədəni irsin qorunması və urban idarəetmə modelləri üzrə qlobal müzakirələrin aparıldığı mühüm platforma kimi çıxış edir.

Forum hüquqi baxımdan məcburi aktlar qəbul etməsə də, beynəlxalq “yumşaq hüquq” mexanizmi vasitəsilə dövlətlərin şəhər siyasətinə istiqamətverici təsir göstərir və normativ yanaşmaların formalaşmasına şərait yaradır.

WUF13 beynəlxalq hüquq sistemində hansı hüquqi statusa malikdir və onun qəbul etdiyi prinsiplər dövlətlərin şəhərsalma və urban idarəetmə sahəsində hüquqi tənzimləmələrinə necə təsir göstərir?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən hüquqşünas Ayxan Məmmədli deyib ki, WUF13 Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramı çərçivəsində keçirilən və şəhərsalma, dayanıqlı inkişaf və urban idarəetmə məsələlərini qlobal səviyyədə müzakirəyə çıxaran mühüm platformadır:

"Hüquqi baxımdan bu forum klassik beynəlxalq müqavilə və ya məcburi normativ akt qəbul edən orqan deyil, lakin beynəlxalq hüquq sistemində “yumşaq hüquq” (soft law) mexanizmi kimi çıxış edir və şəhər siyasətinə dolayı normativ təsir göstərir. Forumda qəbul olunan tövsiyələr, bəyannamələr və müzakirə sənədləri hüquqi baxımdan icbari olmasa da, dövlətlərin daxili qanunvericiliyinə və beynəlxalq şəhərsalma standartlarının formalaşmasına istiqamətverici təsir göstərir".

Onun sözlərinə görə, WUF13-ün hüquqi mahiyyətində əsas məqamlardan biri onun norm yaradıcılığı funksiyasıdır: 

"Bu platforma yeni hüquqi öhdəliklər yaratmasa da, gələcək beynəlxalq müqavilələr və milli qanunvericilik islahatları üçün konseptual baza formalaşdırır. Şəhər hüququ, yaşayış hüququ, mədəni irsin qorunması və dayanıqlı urban inkişaf kimi sahələrdə formalaşan prinsiplər sonradan dövlətlər tərəfindən hüquqi aktlara çevrilə bilər. Bu baxımdan forum beynəlxalq hüququn inkişafında “pre-normativ mərhələ” rolunu oynayır".

Ayxan Məmmədli, hüquqşünas

Həmsöhbətimiz diqqətə çatdırıb ki, hüquqi analiz baxımından WUF13-də müzakirə edilən mühüm məsələlərdən biri şəhər idarəetməsində suverenliyin bölüşdürülməsi problemidir:

"Dövlətlər, bələdiyyələr və beynəlxalq təşkilatlar arasında səlahiyyət bölgüsü məsələsi urban idarəetmənin əsas hüquqi gərginlik nöqtələrindən biridir. Bir tərəfdən dövlət suverenliyi və konstitusion idarəetmə prinsipləri qorunur, digər tərəfdən isə yerli özünüidarəetmə orqanlarının daha geniş səlahiyyətlərə malik olması təşviq edilir. Bu balansın hüquqi tənzimlənməsi ölkələr üzrə fərqli konstitusion modellərlə müəyyən olunur".

Hüquqşünas əlavə edib ki, WUF13 çərçivəsində xüsusi diqqət yetirilən sahələrdən biri də yaşayış hüququnun təmin edilməsidir:

"Beynəlxalq insan hüquqları hüququnda təsbit olunan adekvat mənzil hüququ dövlətlər üçün tədrici həyata keçirmə öhdəliyi yaradır. Forum bu hüququ şəhərsalma siyasətinə inteqrasiya etməklə qeyri-formal yaşayış məntəqələrinin hüquqi statusu, məcburi köçürmələrin məhdudlaşdırılması və sosial mənzil siyasətinin normativ əsaslarının gücləndirilməsi kimi istiqamətlərdə təsir göstərir".

Sonda Ayxan Məmmədli söyləyib ki, şəhərlərin regenerasiyası və tarixi mühitin qorunması məsələsi WUF13-də mülkiyyət hüququ, ictimai maraq və mədəni irsin qorunması öhdəliyi arasında hüquqi balansın yaradılmasını tələb edir:

"Bu sahədə əsas hüquqi prinsip proporsionallıqdır, yəni dövlət müdaxiləsi həm ictimai marağa xidmət etməli, həm də fərdi hüquqları həddindən artıq məhdudlaşdırmamalıdır.Ümumilikdə WUF13 beynəlxalq hüquq sistemində sərt hüquq normasına malik olmasa da, şəhərsalma və urban inkişaf sahəsində normativ istiqamətverici rol oynayan, dövlətlərin siyasət və qanunvericilik yanaşmalarına təsir edən mühüm qlobal hüquqi dialoq platformasıdır".

Murad İsmayıl


SON XƏBƏRLƏR

20 May 2026