İngiltərə Çempionşipində yaşanan mütəşəkkil casusluq skandalı səbəbindən tanınmış iş adamı Acun Ilıcalının sahibi olduğu “Hall Siti” klubunun birbaşa Premyer Liqaya yüksəlmə ehtimalı yaranıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə klubun sahibi Acun Ilıcalı “NOW Spor” telekanalına müsahibəsində deyib.
Məlumata görə, pley-off mərhələsinin yarımfinalında “Miluoll”u üstələyərək finala yüksələn “Hall Siti”nin rəqibi “Sauthempton” olmalı idi. Lakin turnir iştirakçılarının məşqlərini gizli şəkildə qeydə aldığı sübuta yetirilən “Sauthempton” mütəşəkkil casusluq ittihamı ilə pley-offdan xaric edilib. İngiltərə Futbol Assosiasiyası finalda onun yerinə “Midlsbro”nun mübarizə aparacağını elan etsə də, “Hall Siti” rəhbərliyi bu qərarla razılaşmayıb.
Məsələ ilə bağlı danışan Acun Ilıcalı hazırda klubun hüquq şöbəsinin fərqli ssenari üzərində işlədiyini bildirib:
“İngiltərə futbolunda son 120 ilin ən böyük xaosu yaşanır. Rəqib texniki heyətin digər komandaları gizlicə izlədiyi fotoşəkillərlə sübut olundu və klub turnirdən qovuldu. Biz finalda rəqibimizin dəyişdirilməsi qərarı ilə eyni fikirdə deyilik. Hüquqşünaslarımız hazırda iddia qaldırmağa hazırlaşırlar. Çünki qayda pozuntusuna görə finalçının diskvalifikasiya olunması bizim birbaşa Premyer Liqaya çıxmağımızı hüquqi cəhətdən təmin edə bilər”.
Ilıcalı həmçinin əlavə edib ki, qarşı tərəfin apellyasiya şikayəti vermək hüququ var və yaxın günlərdə yekun qərardan asılı olaraq final matçının təxirə salınması da gündəmdədir.
Bakı 




