• Bakı 17° C

    3.27 m/s

  • USD - 1.7

    EUR - 1.9782

    RUB - 2.3386

Nazir: Tarixi şəhərlər muzeyə çevrilməməlidir

WUF13

20 May 2026 | 13:54

Nazir: Tarixi şəhərlər muzeyə çevrilməməlidir

Tarixi şəhər mərkəzləri yalnız turistlər üçün deyil, həm də həmin ərazilərdə yaşayan insanlar üçün yaşamalıdır.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Meksikanın Mexiko şəhərinin Mənzil Təsərrüfatı Naziri İnti Munyos WUF13 çərçivəsində keçirilən “Mədəni irsə yeni baxış və inklüziv şəhər yenilənməsi” adlı xüsusi sessiyada səsləndirib.

Nazir bildirib ki, Mexiko şəhərinin tarixi mərkəzi UNESCO Dünya İrsi Siyahısı-na daxil edilən ən böyük “canlı” tarixi mərkəzlərdən biridir:

“Bu mərkəz 700 illik tarixə malikdir. Burada qədim astek şəhəri Tenoçtitlan, müstəmləkə dövrü və müasir memarlığın izləri bir aradadır. Tarixi mərkəz hər gün milyonlarla insanı qəbul etsə də, daimi sakinlərin sayı kəskin azalıb. Bir vaxtlar bütün Mexiko şəhərinin yerləşdiyi bu ərazi bu gün cəmi 30 min sakini qoruyub saxlayır. Buna görə də əsas məqsədlərdən biri tarixi mərkəzin yenidən məskunlaşdırılmasıdır”.

Onun sözlərinə görə, tarixi şəhər mərkəzlərinə “muzey” kimi yanaşmaq köklü şəkildə yanlışdır:

“Tarixi şəhər sadəcə binalar toplusu deyil. Bu, yaşayan, dəyişən və inkişaf edən sosial orqanizmdir. Yerli sakinlərin tarixi məkanlarda qalmasının vacibliyi xüsusi vurğulanmalıdır. Ən vacib məsələ həmin ərazilərdə doğulmuş insanların orada yaşamaq hüququnun qorunmasıdır”.

İnti Munyos qeyd edib ki, tarixi şəhər mərkəzlərinin yalnız kommersiya və turizm məqsədləri üçün istifadə olunması təhlükəli tendensiyadır:

“Tarixi mərkəz yalnız turizm və ticarət üçün olmamalıdır. Burada yaşayış, mədəniyyət və sosial həyat paralel şəkildə mövcud etməlidir. Tarixi şəhər mərkəzlərinin varlı təbəqə üçün əlçatmaz məkanlara çevrilməsinin qarşısı alınmalıdır. Əsas prioritet sosial və əlçatan mənzil siyasəti olmalıdır. Tərk edilmiş yaşayış binaları yenidən sosial mənzillərə çevrilməlidir. Tarixi şəhərlərdə işləyən insanların həmin ərazidə yaşamaq imkanı olmalıdır”.

Nazirin sözlərinə görə, şəhərin əsas dəyəri onun kommersiya potensialı deyil, insanlara təqdim etdiyi həyat mühitidir:

“Şəhərə yalnız iqtisadi obyekt kimi deyil, insanların yaşadığı, işlədiyi və xoşbəxt olduğu məkan kimi baxmalıyıq”.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

20 May 2026