Şəhərlərin regenerasiyası və turizm təzyiqi arasında balansın qorunması inklüziv urban inkişaf üçün əsas şərtlərdən biri kimi qiymətləndirilib.
Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri YUNESKO-nun (UNESCO) İnklüziv və Dayanıqlı Şəhərlər Beynəlxalq Koalisiyasının sədri, İrqçiliyə Qarşı Avropa Şəhərləri Koalisiyasının (ECCAR) prezidenti cənab Benedetto Zakkiroli WUF13 çərçivəsində keçirilən “Mədəni irsə yeni baxış və inklüziv şəhər yenilənməsi” adlı xüsusi sessiyada səsləndirib.
O bildirib ki, şəhər regenerasiyası təkcə binaların bərpası deyil, məhəllənin sosial kimliyinin, mədəni mühitinin və gündəlik həyatının qorunması deməkdir. Turizm şəhərlərə iqtisadi dəyər qazandırsa da, idarə olunmadıqda “over-tourism” kimi problemlər yarada bilər və bu da yerli əhalinin şəhərdən uzaqlaşmasına səbəb olur.
Natiq vurğulayıb ki, şəhər yenilənməsi prosesində əsas yanaşma “birgə dizayn” olmalıdır. Bu prosesdə yalnız ekspertlər və siyasətçilər deyil, həmin ərazilərdə yaşayan sakinlər də qərarların birbaşa iştirakçısına çevrilməlidir:
“Əks halda şəhər “canlı məkan” olmaqdan çıxaraq sadəcə dekorativ bir “səhnəyə” çevrilə bilər və bu da icma hissinin itirilməsinə gətirib çıxarar”.
Barcelona və Palermo təcrübələrini nümunə göstərərək inklüziv planlaşdırmanın və diskriminasiyaya qarşı strategiyaların əhəmiyyətini vurğulayıb.
Zeynəb Rzayeva
Bakı 




