Son günlər “Qafqaz Evi” ideyası yenidən gündəmə gətirilir.
Bakıvaxtı.az xatırladır ki, bir müddət öncə “Sülh Körpüsü” təşəbbüsünün koordinatoru, Ermənistan Şurasının prezidenti Areq Koçinyan bir təkliflə çıxış etmişdi. Onun sözlərinə görə, üç Cənubi Qafqaz respublikası liderlərinin məşvərət xarakterli yüksəksəviyyəli sammitini hazırlamaq və təşkil etmək mümkündür. Gürcüstan rəsmiləri də bənzər ideyalar səsləndiriblər. Ortaq qənaətə görə, Cənubi Qafqaz ölkələrinin vahid platformada fəaliyyət göstərməsi regionda təhlükəsizliyin, sabitliyin və əməkdaşlığın dayanıqlı inkişafını təmin edə bilər.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Turab Rzayev bildirib ki, Cənubi Qafqazın gələcəyi üçün “Qafqaz evi”nin qurulması ideal hədəfdir.
Onun sözlərinə görə, bu platforma uzun illər münaqişə şəraitində qalmış region üçün yeni dirçəliş yolu ola bilər:
“Bununla iqtisadi imkanlar artar, ticarət genişlənər, nəqliyyat kommunikasiya xətləri açılar. Uzun illər ərzində formalaşmış gərginlik azalar”.
Müsahibimiz bildirib ki, Azərbaycan və Ermənistan 30 ildən çox qarşıdurma, müharibə vəziyyətində olub. Gürcüstanın problemləri hələ qalmaqdadır. Amma bütün bunlara baxmayaraq, bölgədə sabitlik və sülh şəraitinin yaradılması yaxşı olardı:
“Əslində, yaxşı olardı ki, Qafqazın gələcəyi İsveçrə konfederasiyası kimi bir formatda formalaşsın. Yəni hər ölkə öz müstəqilliyini saxlamaqla bərabər, milli təhlükəsizlik və iqtisadi-maliyyə məsələlərində, infrastruktur məsələlərində birgə əməkdaşlıq etsinlər. Bölgədə bənzər sistemlər nəzərdə keçirilib. Əvvəllər “Zaqafqaziya Seymi” olub.
Turab Rzayev: Yaxşı olardı ki, Qafqazın gələcəyi İsveçrə konfederasiyası kimi bir formatda formalaşsın
Siyasi şərhçi əlavə edib ki, belə modellər illər boyu öz yerindən-yurdundan didərgin düşmüş insanların problemlərini də həll edə bilər:
“Qərbi azərbaycanlılar öz torpaqlarına qayıdacaqlar, amma tankla, top-tüfənglə yox, avtomobil yolları ilə qayıdacaqlar. Yeni əməkdaşlıq formatları çərçivəsində bunu həyata keçirmək mümkündür. Amma indiki şəraitdə bunu reallaşdırmaq çox çətindir. Hələ Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsi imzalanmayıb. Gürcüstanın problemləri həll edilməyib. Yenə də bu istiqamətdə çalışmaq mümkündür. Belə ki, yüzillər boyu bir-birinə düşmən olan, müharibə şəraitində yaşayan almanlar və fransızlar indi bir İttifaqda təmsil olunurlar. Ona görə də uzunmüddətli düşmənçilik tarixdən dərs almaq üçün bir fürsətə çevrilməlidir”.
Aydın Baxış
Bakı 




