"Regionların inkişafı ilə bağlı həyata keçirilən siyasət mərhələli şəkildə balanslı iqtisadi inkişafın daha da güclənməsinə gətirib çıxarıb. Belə ki, son illər iqtisadiyyatın regional diversifikasiyası meyilləri daha güclənib. Bu, makro-iqtisadi göstəricilərdə əks olunmaqdadır".
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisdə keçirilən konfransda çıxışı zamanı deputat Vüqar Bayramov deyib. O bildirib ki, ölkə üzrə əsas kapitala yönəldilmiş illik 22.1 milyard manatlıq investisiyaların 9.7 milyard manatı, yəni, 44.0 faizi regionların payına düşür:
"Hazırda regionlarda 33 milyard manatdan çox ÜDM formalaşır. Eyni zamanda, ölkə üzrə 62.2 milyard manatlıq pərakəndə ticarət dövriyyəsinin 24.5 milyard manatı regionların payına düşür. Mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin yarıdan çoxu artıq regionlarda yerləşib ki, bu da daxili turizimin inkişafı baxımından vacibdir. 2024-cü ildə ölkə üzrə əmək müqaviləsi ilə çalışanların sayı 1 milyon 775 min nəfər olub. Onun 792 min 737 nəfəri regionlarda yaşayaraq fəaliyyət göstərirlər. Bu o deməkdir ki, əmək müqaviləsi ilə işləyənlərin artıq 45 faizi regionlarda çalışırlar. Regionlarda yaşayan əhalinin illik gəlirləri isə 32 milyard manatdan çox olub. İqtisadi siyasət regionların inkişafında dayanıqlığı təmin edib və Bakı ilə bölgələr arasında fərqin mərhələli şəkildə azalmasına səbəb olmaqdadır".
Bakı 




