Azərbaycanda yatılı məktəb-liseylərin sayının az olması təhsil sisteminin regional bərabərsizlik, infrastruktur xərcləri və idarəetmə modelinin xüsusiyyətləri ilə bağlı müzakirə olunan məsələlərdən biridir. Bu tip təhsil müəssisələri şagirdlərin yalnız akademik inkişafına deyil, həm də sosial mühitdə formalaşmasına, müstəqil həyat bacarıqlarının inkişafına xidmət etdiyi üçün bir çox ölkələrdə xüsusi əhəmiyyət daşıyır.
Son illərdə təmayüllü məktəblərin sayının artırılması istiqamətində atılan addımlar regionlarda yaşayan şagirdlərin keyfiyyətli və ixtisaslaşmış təhsilə çıxış imkanlarını genişləndirməyə yönəlib. Bu, xüsusilə paytaxtla regionlar arasındakı təhsil fərqinin azaldılması baxımından mühüm sosial siyasət aləti kimi qiymətləndirilir.
Azərbaycanda yatılı məktəb-liseylərin sayı niyə azdır? Təmayüllü məktəblərin sayının artması regionlarda yaşayan şagirdlərin daha fərqli formada təhsil almasına dəstək göstərə bilər. Ümumiyyətlə, bu cür şagirdlərə motivasiya olması məqsədilə hər hansı bir məbləğdə təqaüdün ayrılması necə qarşılanar?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən təhsil eksperti Məzahir Məmmədli bildirib ki, Azərbaycanda ümumilikdə yatılı məktəblər yalnız xüsusi təyinatlı təhsil müəssisələri kimi fəaliyyət göstərir:
“Valideyn himayəsindən məhrum olan uşaqlar, eləcə də lal-kar uşaqlar üçün nəzərdə tutulan xüsusi təyinatlı internat məktəblər mövcuddur. Ümumilikdə isə Azərbaycanda yatılı məktəblər yalnız bu tip xüsusi təyinatlı müəssisələr formasında fəaliyyət göstərir”.

Məzahir Məmmədli: Əgər uğurlu nəticə verərsə, gələcəkdə daha geniş miqyasda tətbiqi mümkün ola bilər
Onun sözlərinə görə, təmayüllü məktəblərin sayının artırılması istiqamətində Elm və Təhsil Nazirliyi tərəfindən müəyyən təşəbbüslər həyata keçirilir:
“Bilirsiniz ki, həm rayonlarda, həm də Bakı şəhərində bir sıra iri məktəblərdə şagird seçimi əsasında xüsusi təyinatlı, yəni repetitorsuz qəbul modelinə yaxınlaşan sistemin tətbiqi hədəflənib. Bu məktəblərdə artıq müəyyən təmayüllər formalaşdırılacaq — humanitar, dəqiq elmlər və texniki istiqamətlər üzrə şagirdlər 7–8-ci sinifdən etibarən öz istiqamətlərini müəyyənləşdirəcəklər. Məqsəd odur ki, onlar gələcəkdə repetitor hazırlığına ehtiyac duymadan ali təhsil müəssisələrinə qəbul oluna bilsinlər”.
Ekspert əlavə edib ki, bu yanaşma repetitorluğun azaldılması istiqamətində ilkin addımlardan biridir:
“Bu layihə hazırda pilot mərhələdə tətbiq olunur. Əgər uğurlu nəticə verərsə, gələcəkdə daha geniş miqyasda tətbiqi mümkün ola bilər”.
Əli Hüseynov
Bakı 




