BMT baş katibinin müavini və bu təşkilatın Ətraf Mühit Proqramının icraçı direktoru İnqer Andersen beş Xəzəryanı dövləti dənizin ekologiyasını yaxşılaşdırmaq üçün birgə proqram hazırlamağa çağırıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, Astanada keçirilən Regional Ətraf Mühit Sammitində çıxışı zamanı danışıb.
“Konvensiyaya qoşulan bütün ölkələri elmi monitorinq, iqlim dəyişikliyinə uyğunlaşma, ekosistemlərin qorunması və konkret mexanizmlər üçün real yol xəritəsi təmin edəcək 2026-2036-cı illər üçün fəaliyyət planının hazırlanması üzərində birgə işləməyə çağırıram”, - Andersen deyib.
BMT baş katibinin müavini planın həyata keçirilməsi və həllərin miqyasının genişləndirilməsi üçün maliyyələşdirmənin təmin edilməsi məqsədilə beynəlxalq tərəfdaşlarla təmasların vacibliyini vurğulayıb.
Xəzər dənizi dünyanın ən böyük qapalı su hövzəsidir. Beş ölkənin - Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın bura çıxışı var. 2003-cü ildə dövlətlər Tehranda imzalanmış Xəzər dənizinin mühitinin qorunması haqqında konvensiyanı imzalayıblar. Bu sənəd Xəzər bölgəsində ətraf mühitin qorunması üçün ümumi tələbləri müəyyən edir və bu məqsədlə lazımi mexanizmlərin yaradılmasını nəzərdə tutur./Teleqraf
Bakı 




