ABŞ ilə İran arasında müzakirə edilən mümkün 45 günlük atəşkəs əslində sadəcə hərbi əməliyyatların dayandırılması deyil, daha geniş geosiyasi paketdir. Bu paketdə əsas məsələ Hörmüz boğazının açılması, İranın nüvə proqramı ilə bağlı müəyyən məhdudiyyətlər və qarşılıqlı zərbələrin nəzarətdən çıxmasının qarşısının alınmasıdır.
Paralel olaraq Vaşinqtonun ritorikası sərtləşir və ultimativ xarakter alır. Bu isə göstərir ki, diplomatik danışıqlar hərbi təzyiq mexanizmi ilə birlikdə aparılır. Yəni məqsəd sadəcə razılaşma əldə etmək deyil, İranı müəyyən şərtləri qəbul etməyə məcbur etməkdir. Mövcud vəziyyətdə hər iki tərəf həm danışıqlar masasında, həm də sahədə mövqe qazanmağa çalışır. Bu isə böhranın hələ də açıq və dəyişkən fazada olduğunu göstərir.
Trampın “İranın neftini nəzarətə götürmək” ifadəsi isə birbaşa bütün neft yataqlarının işğalı kimi başa düşülməməlidir. Bu, daha çox enerji axınlarına nəzarət etmək, İranın neft ixracını bloklamaq və onun iqtisadi gəlir mənbələrini zəiflətmək strategiyasını ifadə edir. Buraya dəniz blokadası, ixrac marşrutlarının nəzarətə alınması, enerji infrastrukturuna seçici zərbələr və müəyyən strateji obyektlər üzərində lokal nəzarət daxildir. Yəni, məqsəd fiziki olaraq bütün yataqları ələ keçirmək yox, İranın neftdən qazanc əldə etmə imkanlarını minimuma endirməkdir. Tammiqyaslı işğal həm hərbi, həm də siyasi baxımdan son dərəcə ağır və riskli ssenari olduğu üçün daha real yanaşma məhdud, hədəfli və texnoloji üstünlük üzərində qurulan nəzarətdir. Bu, klassik işğaldan çox iqtisadi və hərbi təzyiqin kombinasiyasıdır.
Son günlərdə yayılan pilotun xilas edilməsi əməliyyatı ilə bağlı məlumatlar isə başqa bir məqamı ortaya qoyur. ABŞ İran ərazisinin dərinliyində belə məhdud və yüksək dəqiqlikli əməliyyat keçirmək qabiliyyətini nümayiş etdirir. Bu, geniş quru müharibəsinin qaçılmaz olduğu anlamına gəlməsə də, lokal və məqsədli quru müdaxilələrinin mümkünlüyünü göstərir. Xüsusilə strateji obyektlərin ələ keçirilməsi, xüsusi materialların çıxarılması və ya müəyyən hədəflərə birbaşa müdaxilə kimi ssenarilər artıq nəzəri yox, praktik variant kimi görünür. ABŞ-nin hava məkanında üstünlüyü isə belə əməliyyatların əsas təminatıdır. Bu kontekstdə İran daxilində yerləşən nüvə və enerji obyektləri yalnız bombardman hədəfi deyil, həm də xüsusi əməliyyat baxımından potensial məqsədlər kimi qiymətləndirilə bilər.
Ümumilikdə mənzərə onu göstərir ki, Vaşinqton paralel iki xətt üzrə hərəkət edir. Bir tərəfdən atəşkəs və siyasi razılaşma üçün diplomatik kanallar açıq saxlanılır, digər tərəfdən isə hərbi və iqtisadi təzyiq maksimum səviyyəyə çatdırılır. “Nefti nəzarətə götürmək” hədəsi də məhz bu strategiyanın tərkib hissəsidir. Bu, İranı tam işğal etmək planı deyil, onu enerji, iqtisadiyyat və təhlükəsizlik baxımından sıxışdıraraq güzəştə məcbur etmə modelidir. Əsas sual isə bundan ibarətdir ki, bu təzyiq İranı razılaşmaya gətirəcək, yoxsa proses daha geniş və idarəolunmaz münaqişəyə çevriləcək. Bu sualın cavabı isə birbaşa Hörmüz boğazının taleyi və tərəflərin son qərarları ilə müəyyən olunacaq.
Alim Nəsirov
Bakı 




