Azərbaycan Mərkəzi Bankının məlumatına görə, ödəniş kartları ilə ölkə daxilində aparılan nağdsız ödənişlərin həcmi 2024-cü illə müqayisədə 2025-ci ildə 26% yüksələrək 99.1 milyard manat olub. Həmçinin əməkhaqqı və sosial kart sahiblərinin nağdsız ödənişlərdən istifadə vərdişlərində artım müşahidə olunur.
Belə ki, 2025-ci ildə əməkhaqqı kartları vasitəsilə həyata keçirilən ödənişlərin 54.2%-i nağdsız formada icra olunub. Sosial kartlar vasitəsilə həyata keçirilən ödənişlərdə isə nağdsız əməliyyatların çəkisi son 3 il ərzində 9% bəndi artaraq 20%-ə bərabər olub.
Nağdsız ödənişlərin sürətli artımı və POS-terminal infrastrukturunun genişlənməsi Azərbaycanın maliyyə texnologiyaları ekosisteminə və vətəndaşların rəqəmsal ödəniş vərdişlərinə necə təsir edir? Eyni zamanda debet və kredit kartlarının fərqli trendləri iqtisadi davranış və bank siyasəti baxımından nəyi göstərir?
Bakıvaxtı.az-ın bununla bağlı suallarını cavablandıran iqtisadçı Vüqar Oruc bildirib ki, son 5 ildə daha çox nağdsız ödənişlərin artımı və kart sisteminin tətbiqi ölkənin müasir maliyyə sisteminin nağdsız ödənişlərə istiqamətlənməsini, eləcə də müasir trendlərlə ayaqlaşmasını təmin edir:
"Bir müddət əvvəl vətəndaşlar daha nağd ödənişlərə və sərbəst kapitalın valyuta formasında saxlanmasına üstünlük verirdilərsə, indi bu prosesdə bankların rolu daha çox artıb. Bu isə inkişafın göstəricisi kimi çıxış edir. Bütün hallarda kartlar içərisində debet kartlar daha çox dominant xarakterə malikdir. Lakin kredit kartlarının da sayı və həcmi artmaqdadır. Hazırda nağdsız əməliyyatların payı 65-70 faizə çatır ki, bu da əvvəlki illə müqayisədə çox böyük artım deməkdir və bu proses davam etməkdədir".
Müsahibimiz vurğulayıb ki, stimullaşdırıcı layihələr çərçivəsində nağdsız ödənişlərə maraq artıb. Ümumilikdə banklar hər hansısa müştərini qazananda öncəliklə debet kartdan istifadə olunur. Daha sonra kredit kartları həmin müştəri üçün əlçatan olur.
V.Oruc qeyd edib ki, banklar kommersiya təşkilatı olaraq, kredit kartlarından daha çox gəlir əldə edirlər. Ona görə də kredit kartlarının daha çox aktiv olmasında maraqlı olur.
“Bu, ölkə iqtisadiyyatının inkişafı üçün də əhəmiyyətlidir. İstehlakçının daha çox kredit kartlarına üz tutması həm bankın qazanc əldə etməsinə, həm istehlakçının ödəniş baxımından fasiləli və müddətli ödənişlərə üstünlük verməsinə, həm də nağd problemi yaşamamasına yol açır", - deyə Vüqar Oruc bildirib.
Rəqəmsal bankların mövcud vəziyyətinə toxunan iqtisadçının dediyinə görə, hazırda bu sahədə genişlənmə müşahidə olunur. Belə ki, ödəniş platformaları inkişaf etdirilir və maliyyə sektorunun oyunçularının əhatəsi və şəbəkəsi artıb:
"Azərbaycan ənənəvi bank modelindən fintex modelinə keçid edir. Nəticədə daha çox rəqəmsallaşma prosesinə üstünlük verilir. Bu isə vətəndaşların vərdişlərinə yeniliklər gətirir. Hazırda elə bir situasiya yaranıb ki, məhz asan ödəniş sistemi olan telefonla ödənişlərə üstünlük verirlər”.

Vüqar Oruc: Azərbaycan ənənəvi bank modelindən fintex modelinə keçid edir
Həmsöhbətimiz onu da bildirib ki, nağdsız ödənişlərin artımı dövlət üçün də əhəmiyyət kəsb edir:
“Nəticədə kölgə iqtisadiyyatı azalır, vergi daxilomaları artır, maliyyə şəffaflığı təmin olunur. Nağdsız ödənişlərin mənfi tərəfi kibertəhlükəsizlik risklərinin artması və xaricdən təhlükə meyllərinin yaranmasıdır. Lakin bütün hallarda mövcud yeniliklər müasir dövrün tələbləridir və təhlükəsizlik amilləri mütləq şəkildə nəzərə alınmalıdır".
Bank sistemi üçün vacib olan məqamı da bildirən V.Oruc hesab edir ki, Azərbaycan cəmiyyətində əksəriyyət hələ də bu prosesdə ehtiyatlı davranır.
"Banklar ölkədəki iqtisadi vəziyyətlə bağlı həm aqressiv kredit strategiyasına keçir, həm də faizlərin yüksəlməsi baş verir. Bu isə müəyyən problemlərin yaranmasına səbəb olur. Lakin iqtisadiyyatımız istehlak modelində nağd əsaslıdan borc əsaslıya doğru yaxınlaşır. Ölkəmizin iqtisadi inkişafı ilə paralel olaraq, bu prosesin həyata keçirilməsi son nəticədə dayanıqlı maliyyə institutlarının formalaşması məsələsini təmin edəcək", - Vüqar Oruc vurğulayıb.
Gülşən Şərif
Bakı 




