• Bakı 11° C

    5.37 m/s

  • USD - 1.7

    EUR - 1.959

    RUB - 2.1258

ABŞ-İran qarşıdurması yeni mərhələdə: Hörmüz boğazı alovlanır

DÜNYA

06 Aprel 2026 | 17:18

ABŞ-İran qarşıdurması yeni mərhələdə: Hörmüz boğazı alovlanır

“İran ətrafında hərbi-siyasi gərginlik daha da artıb və əsas diqqət Hörmüz boğazının təhlükəsizliyi, eləcə də İranın nəzarətində olan strateji adalar üzərində cəmlənib”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında siyasi şərhçi Əhməd Şahidov deyib.

Onun sözlərinə görə, Əbu Musa, Böyük Tunb, Kiçik Tunb və Xarq adaları bölgədə mühüm hərbi-strateji mövqeyə malikdir. Müsahibimizə görə, bu adalara nəzarət Hörmüz boğazına faktiki nəzarət deməkdir. ABŞ-nin bu istiqamətdə mümkün quru əməliyyatlarına hazırlaşması və boğazın açılması məsələsi beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib.

Ə.Şahidov qeyd edib ki, artıq müharibənin ilk günlərindən fərqli olaraq, bu gün ABŞ-nin məqsədi və hədəfləri dəyişib:

“Əvvəllər İranda hakimiyyət dəyişikliyi və ölkənin parçalanması əsas hədəf kimi göstərilirdisə, hazırda əsas strateji məqsəd Hörmüz boğazının açılmasıdır. Çünki bu boğazın İranın nəzarətində qalması təkcə regionda deyil, qlobal miqyasda Tehranın təsir imkanlarını artırır. Xüsusilə də Hörmüzdən keçən gəmilərdən hər biri üçün 2 milyon ABŞ dolları həcmində rüsum tələb olunması dünya enerji bazarında ciddi risklər yaradır. ABŞ bu cür hegemonluğun formalaşmasını qətiyyən qəbul edə bilməz”.

Əhməd Şahidov əlavə edib ki, bu səbəbdən Vaşinqton istər diplomatik, istərsə də hərbi vasitələrlə İranın bu üstünlüyünü aradan qaldırmağa çalışır:

“Əgər danışıqlar nəticə verməzsə, ABŞ-nin quru əməliyyatlarına başlayaraq strateji adaları nəzarətə götürməsi əsas hədəf kimi görünür. Əbu Musa, Böyük Tunb və Kiçik Tunb adaları Hörmüz boğazına nəzarət baxımından kritik əhəmiyyət daşıyır. Bu adalara nəzarət edən qüvvə, faktiki olaraq, boğaza nəzarəti təmin edir və bu da dünya enerji bazarında söz sahibi olmaq deməkdir”.

Əhməd Şahidov: Müharibənin ilk günlərindən fərqli olaraq, ABŞ-nin məqsədi və hədəfləri dəyişib

Həmsöhbətimiz vurğulayıb ki, razılaşma əldə olunmasa, quru əməliyyatlar qaçılmaz ola bilər. Lakin bu proses ABŞ üçün asan olmayacaq, çünki İsrail quru əməliyyatlarında iştirak etməyəcəyini açıqlayıb:

“Bu halda ABŞ təkbaşına, əsasən “Delta Force” və dəniz piyadaları vasitəsilə hərəkət etməli olacaq ki, bu da ölkə daxilində sosial narazılıqları artırır və artıq prezident Donald Trump əleyhinə etiraz aksiyaları genişlənməkdədir”.

Aydın Baxış


SON XƏBƏRLƏR