• Bakı 11° C

    5.37 m/s

  • USD - 1.7

    EUR - 1.959

    RUB - 2.1258

Ermənistanda yeni siyasi blok və Moskva faktoru: balans dəyişirmi?

DÜNYA

06 Aprel 2026 | 16:48

Ermənistanda yeni siyasi blok və Moskva faktoru: balans dəyişirmi?

Ermənistanda qısa müddət ərzində bir neçə siyasi qurumun “Samvel Karapetyanla Güclü Ermənistan” blokuna qoşulması daxili siyasi dinamikanın yenidən formalaşdığına işarə edir. Bu proses təkcə partiyalararası konsolidasiyanı deyil, həm də ölkədə alternativ güc mərkəzlərinin yaranması ehtimalını gündəmə gətirir.

Paralel olaraq, Kremlin ritorikasında Samvel Karapetyanın dolayısı ilə gündəmə gətirilməsi və onun statusuna işarə edilməsi məsələnin artıq yalnız daxili siyasi hadisə olmadığını göstərir. Belə bir şəraitdə Ermənistan siyasətində həm daxili balansın dəyişməsi, həm də xarici təsirlərin güclənməsi ehtimalı ciddi müzakirə mövzusuna çevrilir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-ın suallarını cavablandıran politoloq Züriyə Qarayeva bildirib ki, bu cür sürətli birləşmələr adətən siyasi sistemdə boşluğun və ya narazılığın göstəricisi olur. Onun sözlərinə görə, əgər dörd fərqli qurum eyni blok ətrafında konsolidasiya olunursa, bu artıq parçalanmış elektoratı toplamaq cəhdidir. Bu proses qısamüddətli perspektivdə informasiya gündəmini dəyişə bilər və hakimiyyətə alternativ kimi təqdim oluna bilər:

“Amma balansın real dəyişməsi üçün bu blokun təşkilatlanma səviyyəsi və sosial dayaqları həlledici olacaq. Ermənistan kimi siyasi baxımdan polarizə olunmuş cəmiyyətdə yeni blokun uğuru onun nə dərəcədə inandırıcı proqram təqdim etməsindən asılıdır. Əgər bu birlik yalnız siyasi texnologiya olaraq qalarsa, ciddi balans dəyişikliyi baş verməyə bilər”.

Müsahibimiz bildirib ki, Rusiyanın bu məsələdə dolayı, amma hiss olunan rolu var. Vladimir Putinin açıqlamasında Karapetyanın xüsusi vurğulanması təsadüfi deyil və bu, müəyyən siyasi mesaj kimi oxunmalıdır. Politoloq qeyd edib ki, Rusiya Ermənistan daxilində özünə yaxın fiqurların zəifləməsini istəmir və onları müəyyən mənada qorumağa çalışır:

“Bu kontekstdə belə blokların formalaşması Rusiyanın maraqları ilə üst-üstə düşə bilər. Digər tərəfdən, bu, Paşinyan hakimiyyətinə də bir siqnal kimi qəbul oluna bilər. Yəni Kremlin Ermənistan siyasətində alternativ kanallar saxladığını göstərmək cəhdi var. Bu isə Ermənistanın daxili siyasətinə xarici təsirin davam etdiyini bir daha təsdiqləyir”.

Samvel Karapetyan fiqurunun bu prosesdə nə dərəcədə real siyasi güc kimi çıxış edə biləcəyinə gəlincə, həmsöhbətimizə görə, Karapetyan daha çox iqtisadi resurslara malik fiqur kimi tanınır və onun siyasi çəkisi məhz bu resurslardan qaynaqlana bilər. Dediyinə görə, Ermənistanda oliqarxların siyasətə təsiri yeni fenomen deyil, lakin son illərdə bu model zəifləməyə başlamışdı. Karapetyanın adı ətrafında blok qurulması həmin modelin yenidən aktivləşdirilməsi cəhdi kimi görünür.

Züriyə Qarayeva: Ermənistanda oliqarxların siyasətə təsiri yeni fenomen deyil

Qarayeva bildirib ki, onun real siyasi gücə çevrilməsi üçün yalnız maliyyə deyil, həm də ideoloji platforma və kadr potensialı lazımdır. Hələlik bu komponentlərin tam formalaşdığı görünmür. Əgər bu boşluqlar doldurulmasa, Karapetyan simvolik fiqur olaraq qala bilər. Amma xarici dəstək faktoru onun mövqeyini gücləndirə bilər.

“Əgər bu blok güclənərsə, Ermənistan siyasətində daha çox rəqabətli və çoxqütblü mühit yarana bilər” deyən poliyoloq qeyd edib ki, bu isə qərar qəbuletmə prosesində əlavə çətinliklər və eyni zamanda yeni balanslar deməkdir. Onun sözlərinə görə, xarici siyasət baxımından isə bu cür qüvvələr adətən daha çox Rusiya ilə yaxınlaşma xəttini təmsil edir. Bu da Ermənistanın son illərdə Qərbə doğru açılım siyasətinə müəyyən korrektələr gətirə bilər.

“Digər tərəfdən, daxili siyasi sabitlik də risk altına düşə bilər, çünki yeni bloklar siyasi qarşıdurmanı artırır. Nəticə etibarilə, bu proses həm imkanlar, həm də risklər yaradır. Həlledici faktor isə bu blokun real siyasi gücə çevrilib-çevrilməyəcəyi olacaq”, - deyə Züriyə Qarayeva bildirib.

Zülfü Məmmədov


SON XƏBƏRLƏR