• Bakı 12° C

    7.91 m/s

  • USD - 1.7

    EUR - 1.959

    RUB - 2.1258

Faiq Sücəddinov: Mədəniyyətin, musiqinin olduğu yerdə xalq da, dövlət də... - AÇIQLAMA

MƏDƏNİYYƏT

06 Aprel 2026 | 15:58

Faiq Sücəddinov: Mədəniyyətin, musiqinin olduğu yerdə xalq da, dövlət də... - AÇIQLAMA

Şuşada keçirilən “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı son illərdə Azərbaycanın mədəni diplomatiyasının əsas sütunlarından birinə çevrilib.

Qarabağın azad olunmasından sonra yenidən dirçələn bu festival təkcə qədim musiqi ənənələrinin canlandırılması deyil, həm də regionun dünyaya sülh, multikulturalizm və mədəniyyətlərarası dialoq çağırışını çatdıran mühüm platformadır. Beynəlxalq musiqi kollektivlərinin, sənətçilərin və qonaqların Şuşada bir araya gəlməsi Azərbaycanın mədəni irsini qlobal miqyasda tanıtmaqla yanaşı, Qarabağın bərpası prosesinə də simvolik və praktik dəstək verir.

Bu festival həm Şuşanın tarixi kimliyinin bərpasını sürətləndirir, həm də mədəniyyət vasitəsilə diplomatik əlaqələrin möhkəmləndirilməsinə, bölgədə davamlı sülhün təşviqinə xidmət edir.

“Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı Azərbaycanın mədəni diplomatiyasına və mədəniyyətlərarası dialoqun inkişafına nə dərəcədə töhfə verir, həmçinin festivalın Qarabağda bərpa və mədəni irsin təşviqi prosesində rolu nədir?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Xalq artisti, bəstəkar Faiq Sücəddinov deyib ki, "Xarıbülbül" festivalının çox qədim tarixi var: 

"Hələ Sovet dövründə də bu tədbir keçirilirdi və onun rəmzi xarakteri formalaşmışdı. Xarı Bülbül bir çiçəkdir və ona bu adın verilməsi təsadüfi deyil. Bu flora rəmzi həm musiqimiz, həm tariximiz, həm də muğam irsimizlə bağlı dərin mənaya malikdir".

Onun sözlərinə görə, ümumiyyətlə, belə festivalların, konsertlərin, istər muğam müsabiqələri, istərsə də simfonik və ya estrada musiqisinə dair tədbirlərin keçirilməsi çox vacibdir:

"Mədəniyyət xalqın aynasıdır, güzgüsüdür. Mədəniyyətin, musiqinin, sözün olduğu yerdə xalq da, dövlət də yüksək səviyyədə olur. İnsanları və xalqları tarixləri və mədəniyyətləri ilə tanıyırlar".

Xalq artisti söyləyib ki, bu, çox gözəl bir ənənədir:

"Mənə elə gəlir ki, Azərbaycan var olduqca bu festivallar da davam edəcək. Çünki bu cür tədbirlərin önəmi çox böyükdür. Nə qədər belə festivallar və konsertlər artsa, bir o qədər də biz daha güclü və daha gözəl olacağıq".

Əli Hüseynov


SON XƏBƏRLƏR