Sumqayıt şəhərində qeydə alınmış hadisə ilə bağlı vəziyyət aidiyyəti qurumlar tərəfindən ciddi nəzarətə götürülüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məlumat yayıb.
Bildirilib ki, hadisə baş verən ailəyə Komitənin nümayəndələri, yerli icra hakimiyyəti və bələdiyyə əməkdaşları tərəfindən yerində baxış keçirilib. Ailənin ümumi durumu qiymətləndirilib, xüsusilə uşaqların sağlamlıq vəziyyəti və sosial şəraiti ilə bağlı ilkin araşdırma aparılıb.
Hazırda zərərçəkmiş uşaqların müalicəsi tibb müəssisələrində davam edir və onlar həkim nəzarətindədir. Hadisənin dəm qazından zəhərlənmə ehtimalı da araşdırılır və bu istiqamətdə müvafiq yoxlamalar həyata keçirilir.
Komitə araşdırmaların nəticələrinə əsasən məsələyə həm hüquqi, həm də sosial qiymət veriləcəyini açıqlayıb. Eyni zamanda, valideynlər və ailə üzvləri uşaqlara qarşı daha diqqətli olmağa çağırılıb.
“Uşaqların təhlükəsizliyi və sağlamlığı gündəlik məsuliyyət tələb edir”, – deyə məlumatda bildirilib.
Araşdırmaların yekunu ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
Əli Hüseynov
Bakı 




