q
  • Bakı 14° C

    4.99 m/s

  • USD - 1.7

    EUR - 1.985

    RUB - 2.2641

Həkimləri gözdən salmaq cəmiyyət üçün təhlükəlidir

CƏMİYYƏT

06 May 2026 | 15:19

Həkimləri gözdən salmaq cəmiyyət üçün təhlükəlidir

"Rəqəmsal mühitdə yayılan yanlış yanaşmalar səhiyyə sisteminə ciddi təsir göstərir".

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasının klinik psixoloqu, psixoterapevt Rövşən Nəcəfov danışıb.

Onun sözlərinə görə, sosial şəbəkələrdə formalaşan nəzarətsiz informasiya axını həkimlik peşəsinə mənfi təsir göstərir:

“İnsan artıq rəqəmsal kimlikdə formalaşıb və bu mühit sərhədsizdir. Hər kəs istədiyini yazır, bəzən qərəzli fikirlər də səsləndirilir. Bu isə istər-istəməz həkimlik kimi müqəddəs peşənin nüfuzuna zərər vurur”.

Mütəxəssis bildirib ki, bu yanaşma cəmiyyət üçün ciddi risklər yaradır:

“Bu gün həkimlik peşəsini gözdən salsaq, cəmiyyət olaraq çox şey itirərik. Bu, gələcəyimizi risk altına qoymaq deməkdir. Həkimlər, müəllimlər cəmiyyətin əsas sütunlarıdır və onlara qarşı daha həssas yanaşmaq lazımdır”.

Onun fikrincə, fərdi problemlərin ümumiləşdirilməsi düzgün yanaşma deyil:

“Rəqəmsal dünyada insanlar şəxsi problemlərini ümumiləşdirir. Ola bilər ki, hansısa pasiyentlə həkim arasında problem yaşanıb, amma bu, bütün həkimlərə şamil edilə bilməz. Sağlam düşüncə fərdi hadisəni ümumi problem kimi təqdim etməməkdir”.

R.Nəcəfov vurğulayıb ki, yanlış informasiya və dezinformasiya həm də həkimlərin motivasiyasına təsir edir:

“Dezinformasiyalar yaymaq, peşə sahiblərini gözdən salmaq yaxşı nəticə vermir. Əksinə, bu, həkimlərin öz peşəsinə olan sevgisini azaldır, onları demotivasiya edir”.

O qeyd edib ki, həkimlərin iş şəraiti də nəzərə alınmalıdır:

“Bu gün həkimlər çox gərgin rejimdə çalışırlar. Onların şəxsi və ailə həyatına demək olar ki, vaxt qalmır. Belə olan halda onlardan həm fədakarlıq gözləyib, həm də onları mənəvi olaraq yıpratmaq düzgün deyil”.

Mütəxəssis onu da deyib ki, qarşılıqlı dəyər və hörmət vacibdir:

“Biz bir-birimizin dəyərini bilməliyik. Sağlam cəmiyyət qurmaq istəyiriksə, sağlam düşüncə və sağlam münasibət formalaşdırmalıyıq”.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

05 May 2026