• Bakı 22° C

    2.59 m/s

  • USD - 1.7

    EUR - 1.9737

    RUB - 2.3076

"Kupça" gözləyənləri maraqlandıran SUAL: Sənədsiz evlərə amnistiya veriləcək?

CƏMİYYƏT

05 Iyun 2026 | 13:55

Kupça gözləyənləri maraqlandıran SUAL: Sənədsiz evlərə amnistiya veriləcək?

Azərbaycanda yüz minlərlə vətəndaşı yaxından maraqlandıran sənədsiz evlərə “əmlak amnistiyası”nın tətbiqi məsələsi uzun müddətdir ki, aktuallığını itirmir. Aidiyyəti dövlət qurumları tərəfindən bu tikililərə çıxarışların (kupça) veriləcəyi ilə bağlı mütəmadi olaraq bəyanatlar səsləndirilsə də, hüquqi müstəvidə hələ də kütləvi və qəti bir addımın atılmaması əhali arasında müəyyən nigaranlıq və suallar doğurur.

Xüsusilə cari ildə bu istiqamətdə real irəliləyişin olub-olmayacağı, həmçinin amnistiyanın icra ediləcəyi təqdirdə hansı meyarlara cavab verən fərdi yaşayış evlərinin bu prosesdən yararlana biləcəyi ən çox müzakirə edilən mövzular sırasındadır.

Bu il sənədsiz evlərə amnistiya verilə bilərmi? Hansı evlər bundan yararlana bilər?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlamasında əmlak eksperti Ramil Osmanlı bildirib ki, əslində, sənədsiz evlərə amnistiya verilməsi və onların kütləvi şəkildə sənədləşdirilməsi istiqamətində uzun illərdir müzakirələr aparılır:

“Mənim də bu istiqamətdə hər hansı qərarın qəbulu ilə bağlı müəyyən gözləntilərim var idi. Lakin WUF13 zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov çıxışında sənədsiz evlərlə bağlı fikirlər səsləndirdi. O qeyd etdi ki, sənədsiz evlərə amnistiya xarakterli yanaşmanın tətbiqi gələcəkdə bu cür evlərin yenidən meydana çıxmasını təşviq edə bilər. Bu baxımdan hökumətin məsələyə ehtiyatla yanaşmasının vacibliyini vurğuladı”.

Müsahibimiz qeyd edib ki, bu mövzura İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən aparılan araşdırmaların nəticələrinə əsasən müəyyən mövqe formalaşıb:

“Biz oxşar addımları digər istiqamətlər üzrə artıq atmışıq. Məsələn, çoxmənzilli binaların istismara qəbulu ilə bağlı da oxşar problemlər mövcud idi. 2019-cu ildə prezident tərəfindən bu istiqamətdə fərman verildi. Eyni zamanda, 2023-cü ildə qeyri-yaşayış obyektlərinin istismara qəbulu ilə bağlı da müvafiq fərman imzalandı. Yəni bu sahədə müəyyən təcrübə mövcuddur”.

Ramil Osmanlı: 400-500 min mülkiyyətçinin hüquqlarının təminini Allahın ümidinə buraxmışıq

Əmlak ekspertinin dediyinə görə, baxmaq lazımdır ki, qəbul olunan qərarlardan sonra həqiqətən də yeni qanunsuz tikililərin sayı artıbmı, belə halların təşviqi baş veribmi?

“Əgər belə nəticələr varsa, ehtiyatlı davranmaqla bağlı arqumentləri nəzərə almaq olar. Amma ümumilikdə mənim mövqeyim bundan ibarətdir ki, bu problem hökumət tərəfindən həll edilməlidir və bu istiqamətdə konkret qərar qəbul olunmalıdır. Bunun həm hüquqi, həm də iqtisadi baxımdan kifayət qədər böyük faydaları var”.

Ekspertin fikrincə, paralel olaraq eyni qərarın tərkibində qanunsuz tikililərin qarşısının alınması ilə bağlı ciddi mexanizmlər də nəzərdə tutulmalıdır:

“Mövcud qanunvericiliyin tələblərindən kənar tikintilər qəti şəkildə dayandırılmalı, bu istiqamətdə ciddi nəzarət və mübarizə tədbirləri həyata keçirilməlidir. Bu iki yanaşma eyni vaxtda tətbiq olunmalı və məsələyə kompleks şəkildə baxılmalıdır. Əks halda, təxminən 400-500 min fərdi yaşayış evinin və eyni sayda mülkiyyətçinin hüquqlarının təmin olunmasını Allahın ümidinə buraxmışıq. Bu isə düzgün yanaşma hesab edilə bilməz”.

Aynur Babazadə


SON XƏBƏRLƏR