Azərbaycan, Türkiyə və Qazaxıstan Xəzər dənizi üzərindən yükdaşımaların inkişafı məqsədilə əməkdaşlıq memorandumu imzalamağa hazırlaşır. Bu barədə Beynəlxalq Daşıyıcılar Assosiasiyasının (UND) baş icraçı direktoru Alper Özəl jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, UND hazırda Türkiyənin iri logistika və liman operatorlarından olan "Albayrak Qrup", "Qazaxıstan Dəmir Yolları" və "AZCON Holdinq" ilə qarşılıqlı anlaşma memorandumu üzərində işləyir. Sənəd imzalandıqdan sonra tərəflər Xəzər dənizi üzərindən daşımalarla bağlı məsələləri müzakirə edəcəklər.
Politoloq İlqar Vəlizadə Bakıvaxtı.az-a açıqlamasında deyib ki, hər üç ölkə Trans-Xəzər beynəlxalq ticarət marşrutunun əsas iştirakçılarıdır. Onun sözlərinə görə, bu çərçivədə hər üç ölkə bir-biri ilə sıx əməkdaşlıq edirlər:
“Bu əməkdaşlıq taktiki əhəmiyyət daşıyır. Çünki burada artan yükdaşımaların təminatı məsələsi var”.
Müsahibimiz qeyd edib ki, eyni zamanda yükdaşımaların müxtəlif istiqamətə yönəlməsi məsələsi var.

İlqar Vəlizadə: Belə bir memorandumun imzalanması çox vacibdir
“Bilirik ki, dünyada, xüsusən Avrasiyada nəqliyyat yolları üzərində rəqabət çoxalıb” deyən İ.Vəlizadəyə görə, belə vəziyyətdə rəqabətədavamlı marşrutların açılmasından çox şey asılıdır:
“Ona görə də tərəflər çalışırlar ki, təkliflər hər ölkə üçün sərfəli olsun. Aydındır ki, qarşıdakı illərdə yükdaşımaların həcmi daha da artacaq. O baxımdan, hər üç ölkə bunun üçün baza və zəmin yaratmağa səy göstərir”.
Politoloq hesab edir ki, belə bir memorandumun imzalanması çox vacibdir.
“Digər tərəfdən, biz bilirik ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində də bununla bağlı qərarlar qəbul olunur, təkliflər irəli sürülür. Bunların reallaşdırılması üçün konkret addımların atılması mütləqdir”, - deyə İlqar Vəlizadə qeyd edib.
Aydın Baxış
Bakı 




